Əli İnsanov əfv ərizəsi yazmayacaq
Sabiq nazirin Avropa Məhkəməsinə şikayəti hazırdır
Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov əfv ərizəsi yazmayacaq.
Bu haqda onun vəkili Toğrul Babayev məlumat verib.
“İnsanovun özü və ya yaxınları belə bir ərizə yazmaq haqda düşünürmü” sualına vəkil “qətiyyən yox” cavabını verdi.
Vəkil deyib ki, müvəkkili hazırda Bakı İstintaq Təcridxanasındadır: “Apelyasiya məhkəməsinin qərarı veriləndən sonra Əli İnsanovu köçürməli idilər, amma köçürməyiblər. Qərar 2 həftədən artıqdır ki, elan olunub. Qanuna görə qərardan dərhal sonra köçürməli idilər”.
Qeyd edək ki, Ə.İnsanov 2014-cü il yanvarın 11-də saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Köçürülmə sabiq nazirin barəsində Avropa Məhkəməsinin verdiyi qərarın icrası ilə bağlı olub.
Həmin vaxt Bakı Apelyasiya Məhkəməsi Ə.İnsanovun məhkəməyə gətirilməsini təmin etmək üçün Penitensiar Xidmətə müraciət etmişdi. Penitensiar Xidmət köçürülmə qərarını buna görə çıxarmışdı. Ə.İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə tutulub, sonradan isə iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Yanvarın 17-də Ə.İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılıb. Lakin gözlənildiyinin əksinə olaraq sabiq nazir yenə də ədalətli məhkəmə tərəfindən mühakimə edilməyib. 2014-cü ilin fevralında Bakı Apelyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Ə.İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.
T.Babayev bildirib ki, artıq Bakı Apelyasiya Məhkəməsinin müvəkkili barədə son qərardan Avropa Məhkəməsinə şikayət hazırdır və yaxın günlərdə göndəriləcək(musavat.com).