Elm adamlarımız niyə xaricə üz tutur?
Dəfələrlə azərbaycanlı elm adamlarının xarici ölkələrdə çalışdığının, yaşadığı ölkənin ictimai-siyasi mühitində iştirakının şahidi olmuşuq. Necə deyərlər, əcnəbi ölkənin elminə mütərəqqi töhfələr veriblər. Dünyaca məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə də buna bariz misaldır. ABŞ-ın görkəmli şəxsiyyətlərindən birinə çevrilən Lütfi Zadə sözügedən ölkənin Berkli şəhərində onun adını daşıyan universitet fəaliyyət göstərir. Təbii ki, bunun özü bütün azərbaycanlılar üçün fəxrdir.
Ancaq həmişə bir məsələ bizi narahat etməlidir ki, nə üçün belə intellektual şəxslər Azərbaycan elminə yox, digər ölkələrin elmi üçün böyük işlər görür. Belə alimlərin əcnəbi ölkələrə axını kütləvi hal almışdır. Bəli məsələdir ki, Avropa ölkələrində çalışmaq indiki şərtlərlə daha sərfəlidir. O cümlədən, Azərbaycanda da elm xadimlərinin gördüyü iş qarşılığında aldığı məvacib də heç də qənaətbəxş deyil. Yenicag.az bu barədə ziyalıların fikrini öyrənməyə çalışdıq.
Zahid Oruc. Milli Məclisin deptutatı. Beyin axını” adalanan həmin proses hər bir ölkənin itkisidir. Ona görə dövlət, elm adamlarını ən yüksək təminatla qoruyub saxlamağı bacarmalıdır.
Fazil Mustafa. Milli Məclisin deputatı: “Əslində əcnəbi ölkələrdə çalışmaq indiki şərtlərdə daha faydalıdır. Çünki laboratoriya təchizatı və elm mühiti daha keyfiyyətli olan mühitdə işləmək alimə vacibdir. Ancaq maaşa gəldikdə, məncə humanitar sahələrin məhdudlaşdırılması hesabına texniki və təbiət elmləri sahəsində çalışanların maaşlarını üçqat, dördqat artırmaqla stimul yaratmaq olar”
Əbdüləli İbrahimsoy. Ədəbi-bədii yaradıcılıq mərkəzi.İdarə heyətinin sədri: “Bu, cəmiyyətimzin bəlasıdır. Bütün ictimai-siyasi quruluşlarda elm, maarif cəmiyyətin fövqündən aşağıda durub. Bu səbəbdən də elm adamları Vətəndə vətənsiz yaşamaqdansa, mühacirət etməyə üstünlük verirlər.”
Məti Osmanoğlu. Bakı Dövlət Universitetinin dosenti: “Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, təkcə elm adamlarının deyil, bütün sahələrdə, xüsusi olaraq təhsil, səhiyyə və mədəniyyət kimi milli əhəmiyyət daşıyan sahələrdə maaşların aşağı olması heç arzuedilən deyil. Mənə elə gəlir ki, bu sahədə hökumət ciddi addım atmalıdır. Hər bir işləyən adam öz maaşı ilə zəruri ehtiyaclarını qarşılaya bilməlidir.
İkincisi, xarici ölkələrdə işləməyə o adamlar gedirlər ki, orada onların elminə ehtiyac var və həmin ehtiyacın qarşılığı olaraq zəhməthaqqı verilir. Ona görə də müxtəlif sahələri təmsil edən mütəxəssislərin, eləcə də elm adamlarının iş dalınca xarici ölkələrə getməsinə qətiyyən pis baxmıram və bunu təbii bir proses kimi qiymətləndirirəm. Maraqlansanız, çoxlu sayda xarici vətəndaşların da iş dalınca Azərbaycana gəldiklərinin şahidi olarsınız. Xüsusilə neft sənayesi sahəsində. Onları da bura gətirən, ilk növbədə, onların elminə və təcrübəsinə olan ehtiyacdır. Elə xaricdən gələn insanların da bir hissəsi burada məskunlaşır, ailə qurur, yaşamaq üçün Azərbaycanı seçirlər. Yəni bu, qarşılıqlı prosesdir və indiki qloballaşma şəraitində bu belə də olmalıdır.
Bu tendensiyanın aradan qaldırılması üçün hər hansı fövqəladə tədbirə ehtiyac görmürəm. Çünki bazar iqtisadiyyatı öz şərtlərini diktə eləyir. Elm adamı onun elminə harada böyük ehtiyac varsa, ora gedir. Əsas odur ki, biz həmin elm adamlarını yetişdirən mühitimizi qoruyub saxlaya bilək.”
Sərvər Məsumov. “Bütövlük” qəzetində baş məsləhətçi: “Elm adamı elmin içində olmalıdır. Ölkəmizdə isə elmin bütün sahələri tənəzzül dövrü keçirir. Alim, öz beyin məhsulunu qiymətləndirəcək struktura anlada bilmir. Çünki elmə cavabdeh olanların özü elmi daha çox xaricdən idxal edir. Elm bir təlim və ya təhsil obyektinə çevrilmir. Söz, fikir, ideya, qiymətdən düşüb. Anton Çexovun məhşur:”Bir milləti yox etmək üçün müəllimi hörmətdən salmaq lazımdır” və beləcə bu gün elmi potensialı yerində olan elm adamı düşüncə sistemini ətrafına anlatmaq və bəhrəsini əldə etmək üçün xaricə üz tutur. Beləcə beyin axını ölkədə kütləvi savadsızlığa zəmin yaradır. Bütün bunların qarşısını almaq üçün elm sahəsini milli proqram şəklində tənzimləmək lazımdır. Alimə, müəllimə, ümumiyyətlə yaradıcı insana haqq etdiyi əməyin qarşılığını vermək mütləqdir. Elmin inkişafına diqqət artırılmalı, alimlərin qayğısına qalınmalıdır. Ən azı Cənubi koreya kimi. Özünü bütünlüklə elmə həsr edənlər dövlət qayğısı görməlidirlər. QHT-yə, mətbuata, idmana, qaçqın və köçkünlərə göstərilən diqqət bu sahədə də hiss olunmalıdır. əks-təqdirdə ölkə suyu sovulmuş dəyirmana dönəcək.”
Kamran ƏDALƏTOĞLU