Elman Rüstəmovun şübhəli hərəkətləri… – Ağır ittihamlar
Natiq Cəfərli: “Mərkəzi Bankın son günlər yürütdüyü siyasət anlaşılan deyildi”
Mərkəzi Bank fevralın 21-də 1 dolları 1 manat 5 qəpiklik səviyyəsində müəyyən etdi. Halbuki, bundan əvvəl rəsmilər manatın devalvasiyasının ancaq 3-5 qəpiklik səviyyəsində var-gəl edəcəyini bildirirdilər. Görəsən, nə baş verdi birdən-birə?
Yenicag.az-a açıqlamasında Natiq Cəfərli qeyd etdi ki, verilən rəsmi açıqlamalar əhali arasında ajiotajın yaranmasına gətirib çıxardı: “Manatın yüngül devalvasiyasını hamı gözləyirdi. Çünki, bu gözlənilən hal idi. Ölkəyə gələn dollar kütləsinin getdikcə azalması manatın uzun müddət bahalı saxlanılmasını mümkünsüz edirdi. Bundan başqa, son illərin bahalı manatı qeyri-neft sektorunu demək olar ki, iflic etmişdi və onun ixracatdakı payı 2 faizə qədər düşmüşdü. Bahalı manat ölkə üçün bəzi üstünlüklər qazandırsa da, ciddi iqtisadi fəsadlar da törətmişdi. Mərkəzi Bankın son günlər yürütdüyü siyasət anlaşılan deyildi. Mərkəzi Bankın rəhbəri ilk olaraq xarici mətbuata açıqlama verərək bildirib ki, manat ucuzlaşacaq. Bu isə ajiotaj yaratdı, insanlar əllərindəki manatı dollara çevirməyə başladılar. Sonradan yerli mətbuatda bunu təkzib etdi və belə bir addımın olmayacağını dedi. Amma ardınca da belə bir qərar verdi. Yəni sürət normal yürüdülmədiyindən insanlar arasında çoxlu şayələrin, təsdiq olunmamış məlumatların və ajiotajın yaranmasına səbəb oldu. Bu da Mərkəzi Bankın devalvasiyadan öncəki son günlərdə rekord səviyyədə dollar satmasına məcbur olması ilə əlaqədar oldu. Çox güman müstəqillik tariximizdə Mərkəzi Bankın bir ayda ən çox müdaxiləsi məhz fevral ayına təsadüf edəcək. Manatın devalvasiyası ilə əlaqədar fundamental səbəblər var idi. Lakin belə kəskin devalvasiyanı heç kim gözləmirdi. Ola bilsin, kursda müəyyən geri çəkilmə olsun. Çünki, hamı Mərkəzi Bankdan, hökumətdən hansısa bir açıqlama və addımlar gözləyir. Əslində, bazar sakitləşmək istəyir. Amma indi o yönünü tapa bilmir, çünki bazar şayiələrlə doludur. Ona görə indi əsas bazarın sakitləşməsi və uzunmüddətli perspektivi görmək ehtimalıdır. Təəssüf ki, hələlik bazar önünü görmür. Çoxlu şayiələr var. Bu isə maliyyə bazarı üçün təhlükəlidir. Mərkəzi Bankın ən son açıqlaması isə fevralın 23-ə qədər məzənnənin ortaya çıxardı. Onda təbii sual yaranır fevralın 24-ü nə olacaq? Ona görə yeni açıqlamalara, insanların önünü göstərə biləcək açıqlamalara ehtiyac var. Bütün bazar bu siqnalları gözləyir. Bazar buna odaxlanmış şəraitdədir”.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Elman Rüstəmovun ünvanına ağır ittihamlar yağdırıb.
“Elman Rüstəmovun xarici banklarda kifayət qədər kapitalı var. O, həmin pulları Azərbaycan xalqından oğurlayıb. İndi isə onun övladları xarici ölkələrdə işrət içində yaşayırlar. Məndə olan məlumata görə, onun başqa-başqa ölkərdə 10 villası var. Onları bir-bir satıb, pulunu Azərbaycana versəydi 5-6 milyard pul edərdi. “Dövləti çox istəyən” məmurlar, illərlə yığdığı puldan 1 milyardını dövlətə versəydilər, bu gün ölkədə belə vəziyyət yaranmazdı. Buna görə də Elman Rüstəmov təcili həbs edilməli və xalqdan oğurladığı 12 milyard dollar sahibinə qaytarılmalıdır” – deyə H.Hacıyev əlavə edib.
Elçin