Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu, minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur.
Tarixi rəvayətlərə görə, İsa Peyğəmbər 40 gün ərzində səhrada oruc tutub. Ümumiyyətlə, bütün Peyğəmbərlərin ibadətində oruc əsas yer tutub.
Uzaq Şərqdə də oruc ənənəsi var. Xüsusilə Çin və Hindistanda Daoistlər və ya bəzi Yoqlar bu üsula əl atırlar. Şaman mədəniyyətlərində də oruc tutmaq ayrıca ayin hesab olunur. Xülasə, oruc dünyanın dörd bir tərəfində keçmişdən bəri mövcuddur və hələ də həyata keçirilir.
Oruc orqanizmi təmizlədiyi, nəfsi tərbiyə etdiyi və mənəvi kamilliyə çatmaq üçün bir vasitə olduğu dinlərdə ümumi olaraq qəbul edilib. Bir çox mədəniyyətdə də orucun günahları təmizlədiyinə dair inanclar mövcuddur.
Publika.az bu yazıda oxucuları oruc haqqında maraqlı və çoxlarına məlum olmayan faktlarla tanış edir:
Müasir oruc üsulları
Günümüzdə oruc dünya miqyasında yenidən populyar olmağa başlayıb. Bundan yalnız bir neçə il əvvəl müasir tibb orucla maraqlanmırdı, amma son aparılan elmi araşdırmalardan sonra vəziyyət bir qədər dəyişib. Araşdırmalar göstərib ki, oruc bədən üçün çox faydalı və bir çox xəstəliyi müalicə edən xassələrə malikdir.
Hazırda su ilə tutulan oruc, meyvə ilə tutulan oruc, aşağı kalori qidaların daxil olduğu oruc və başqa üsullar var.
Rusiya illərdir oruc ilə müalicə üsulunu dəstəkləyir. Hətta rus alimlərinin bu məslə ilə bağlı 60 illik təcrübəsi var. Sibirdəki xüsusi xəstəxanada xəstələrə sağlamlıq personalının nəzarəti altında su orucu tətbiq edilir. Gələn xəstələr həkim nəzarəti altında bir-iki həftə və ya daha uzun müddət yalnız su içərək oruc tutur. Xəstənin vəziyyətinə və xəstəliyin dərəcəsinə görə tutulan orucun müddəti dəyişir.
Almaniyada professor Otto Buçingerin orucla müalicə üsulu çox məşhurdur və dünyada bir çox insan onu tətbiq edir. Almaniyanın Bad Pyrmont şəhərində 1920-ci ildə yaradılan Buçinger Xəstəxanası illərdir ki, xəstələri orucla müalicə edir. Otto Buçinger hələ 40 yaşında xroniki artrit xəstəliyinə tutulub və bu səbəbdən əlil arabasında yaşamağa məhkum olub. Adi tibb vasitələrinin heç biri işə yaramayanda, Otta Buçinger oruc tutaraq bu xəstəliyə qalib gəlib.
Öz üzərində keçirdiyi şəxsi təcrübədən sonra professor orucun təsirləri ilə daha ciddi maraqlanmağa başlayıb və yeni müalicə üsulunu inkişaf etdirib. O, bu üsula “Müalicə yaradıcılığının kral yolu” adını verib.
“Buchinger” üsulunda xəstələr sadəcə meyvə şirəsi və tərəvəz şorbası içərək az kalori qəbul edir və daha çox hərəkətdə olurlar. Eyni zamanda, istirahət də mühüm rol oynayır. İnsanlar 1 həftə və ya daha uzun müddət nəzarət altında qalaraq bu üsulla oruc tutaraq şəfa tapırlar.
“İntermittent fasting” (müəyyən müddətlərdə oruc tutmaq) isə çox adamın istifadə etdiyi populyar üsuldur. Bu üsulda kalori hesablanmır və insanlar istədiyi kimi yemək yeyirlər, adətən saat 12.00-dan saat 20.00-a kimi və ya 14.00-dan saat 22.00-a qədər hər şey yemək olar. Bu 8 saatlıq müddəti çıxmaq şərti ilə qalan 16 saatda heç nə yeyilmir. Bu üsul çox asan şəkildə tətbiq edilir və gündəlik həyatda əks təsirləri olmur. Yəni çalışan şəxslər də bu üsulu asanlıqla həyata keçirə bilər. “Buchinger” və “İntermittent fasting” üsullarında insanlara su içməyə icazə verildiyi üçün oruc tutmaq olduqca asanlaşır.
Bu üsulların hamısının ortaq xüsusiyyəti odur ki, insanlar bir çox məhsullardan imtina edərək qazanır. Həm zehni, həm də fiziki vəziyyətləri yaxşılaşır, özlərini daha sağlam hiss edirlər.
Orucun zehin və bədən üzərindəki təsirləri
Orqanizm durmadan çalışan fabrik kimidir. Qida və su olmadan insanın yaşaması mümkün deyil. Bağırsaqlar sağlam olmazsa, immun sisteminin və digər orqanların sağlam olması imkansızdır. Günümüzdə insanlar artıq 100 il əvvəlki kimi qidalanmır. Çoxumuz fəstfud yeyərək qidalanırıq. Bundan başqa bir çox qidanın genetikası dəyişdirilir, tərkibinə qatqı maddələri əlavə edilir. Həmçinin səhhətimiz stress kimi amillərin mənfi təsirlərinə məruz qalır. Bir çox adam yeməyini kifayət qədər çeynəmir və bu da mədə-bağırsaq sistemini çox yorur. Bəzilərimiz isə dayanmadan yeyir və bədən durmadan bu qidanı həzm etməyə çalışır, nəticədə dincələ bilməyən orqanizm çökür.
Bu vəziyyətdə oruc tutmaq çox faydalıdır, çünki oruc tutduqda bağırsaqlar ərzaqların və suyun həzm edilməsi, sorulması üçün səy sərf etmək məcburiyyətində qalmır və bədəndə yığılmış toksinləri xaric ataraq rahatlaşır.
Oruc tutduqda insan bədənində nə baş verir?
Bədən kənardan ərzaq qəbul etmədikdə toplamış olduğu şəkəri istifadə edir, eyni zamanda bədən orucu təhlükə kimi qəbul edərək adrenalin ifraz edir. Adrenalin sayəsində ağrılar yavaşıyır və orqanizm iltihablarla mübarizə apara bilir. Həmçinin beyin böyük miqdarda enerjiyə ehtiyac duymağa davam edir, bunu da bədən tamamilə ödəyir. Şəkər ehtiyatı bitdikdən sonra növbə zülal anbarına gəlir və ən nəhayət piy ehtiyatlarını işə salır.
Qaraciyər yağ turşularından yüksək enerjiyə malik keton elementləri ifraz edir. Keton elementləri qan dövranı sayəsində beyinə qədər çatır. Eyni zamanda əhəmiyyətli hüceyrə prosesi başlayır, beləcə, hüceyrələr təmizlənir. Bu, proses autofagiya adlanır və hüceyrələrin öz-özünü yeməsi mənasını verir. Bədən süni zülalları və ölü hüceyrələri qida olaraq qəbul edir və onları bir membran içinə alaraq bağırsaqdakı həzm enziminə göndərir. Son olaraq burada bədən üçün lazımlı enerjiyə çevrilməsini təmin edir. Autofagiya prosesinin başlaması üçün 12 və 16 saatlıq oruc kifayət edir.
Yeri gəlmişkən, autofagiya prosesini 2016-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatını alan 71 yaşlı yaponiyalı alim Yosinori Osumi kəşf edib. Osumi hüceyrənin daxili komponentlərinin deqradasiyaya uğraması prosesi – autofagiya sahəsində kəşflərə görə mükafatlandırılıb. Osumi Nobel mükafatına layiq görülmüş 23-cü yapon alimidir.
Osuminin ixtiraları artıq komponentlərin hüceyrələr tərəfindən məhv edilməsi anlamında yeni paradiqmanın formalaşdırılmasına gətirib çıxarıb. Onun tədqiqatları bir çox fizioloji proseslərdə, məsələn, aclığa adaptasiya və infeksiyaya reaksiya kimi hallarda autofagiyanın əhəmiyyətinin dərkinə yol açıb.
Bir sözlə, bu zaman orqanizm kənardan qidalanmadığı üçün öz ehtiyatından faydalanır, eyni zamanda autofagiya sayəsində öz “hüceyrə zibilini” də təmizləyir. Uzun müddət oruc tutan insanlarda 2-ci və ya 3-cü gündən sonra yüngüllük əmələ gəlir və insan daha çox rahatlaşmağa başlayır. Bir çoxu orucun çətin mərhələsini keçdikdən sonra özlərini fəal, xoşbəxt və firavan hiss edir, zehni işlə məşğul olan insanlar isə daha rahat düşündüklərini etiraf edir.
Çinli həkim Çen Jianmin ictimaiyyətin və cəmiyyətin qarşısında 49 günlük su orucu tutaraq rekord qırıb. Oruc tutduğu müddətdə əhvalında da müsbət tərəfə doğru dəyişiklər müşahidə olunub. Bu da orqanizmin oruc zamanı “serotonin” ifraz etməsi ilə əlaqədardır. Çen Jianmin bu rekordu ilə sehrbaz Devid Blainenin 44 günlük su orucunu yeniləyib. Devid Blaine bu təcrübəni şəffaf plastik qutuda havadan asılı şəkildə insanların görə biləcəyi bir yerdə həyata keçirmişdi.
Nəticə etibarı ilə orucun bədən və zehin üzərində bir çox müsbət təsirə malik olduğu elmi araşdırmalarda təsdiqlənib. Lakin bilməlisiniz ki, uzun müddətli orucluq hər kəsə görə deyil və bunlar ancaq nəzarət altında peşəkar yardım ilə aparılmalıdır. Hər kəsin orqanizmi fərqlidir və hər kəs oruca uyğun olmaya bilər.
Ramazan
Qeyd etmək lazımdır ki, ənənəvi Ramazan orucu su orucundan 3 qat daha təsirlidir. Ramazan ayı boyu insanlar həm fiziki, həm də ruhi sağlamlığına zərərli olan maddələrdən itmina etməklə ən azından bir ay ərzində orqanizmi bu cür maddələrin zərərindən qoruyur və müdafiə sistemini yaxşılaşdırır.
Müasir pəhrizlər
Müasir pəhrizlər oruc deyil, istiqamətləri fərqlidir. Amma onlar da zərərli məhsullardan imtina etməyə yönəlmiş sistemlərdir. Müasir tibb və elm durmadan inkişaf edir, artıq keçmişdə müdafiə edilən tezisin əksinə olaraq, bu gün fərqli nəzəriyyələr önə sürülür.
Məsələn, bir vaxtlar həkimlər yumurta, yağ və s. kimi qidaları yeməyi qadağan edən pəhrizlər təklif edirdilər. Son zamanlar isə bu, dəyişib, sadəcə şəkər ilə karbohidratların az istehlak edilməsi təklif olunur. Bir çox müasir pəhrizlər qədərində yeməyi və gündəlik tələbatdan artıq kalori qəbul etməməyi irəli sürür. Nəticə olaraq, pəhrizlər mütləq faydalıdır, lakin hər bir tərkib, hər orqanizm fərqlidir və müasir həyatın gətirdiyi xəstəliklərdən dolayı hər kəs hər pəhrizi tətbiq edə bilməz. Bir çox insanın fruktoza, qlükoza və qlutenə qarşı allergiyası var. Odur ki, insanlar öz bədənini yaxşı tanımalı və özünə ən uyğun metodu seçməlidir.
İnsan yemədən içmədən yaşaya bilərmi?
Bir çox insan yemədən, yaxud da ki, içmədən yaşadığını iddia edir. Bu fenomenə dünyanın dörd bir tərəfində rast gəlinir. Müasir elm sübut edir ki, insanın yemədən və içmədən yaşaması mümkünsüzdür. Elm bu iddiaları heç vaxt qəbul etməyib.
Çində xüsusilə Daoistlərdə “Bigu” (heç bir şey yeməyib içməmək) deyilən ayinin mövcud olduğu məlumdur. Keçmiş Daoist yazılarda bunun necə edilməsi haqqında bir çox mənbələr mövcuddur. Daoistlər idda edir ki, insan ancaq yeməyə və içməyə olan həvəsdən imtina etdikdən sonra uğura nail olacaq və yalnız o zaman “Bigu”nu bacara biləcək.
Hindistanda bir çox yoq var və onların arasında da, yemədən, içmədən illərlə sağlam yaşayan bir çox insan olduğu söylənilir. Bu yoqlar “prana” (Yoqada gözlər görünməz olsa da, prananın bütün kainata nüfuz etdiyi düşünülür) universal enerji ilə qidalandıqlarını deyirlər. Qərbdə buna “işıq qidası” deyirlər, yəni yoqlar havadan və işıqdan qidalandıqlarını iddia edir.
Onlardan biri də 70 ildir heç bir şey yemədiyini və içmədiyini iddia edən Prahland Yanıdır. O, Hindistanda yemək, su olmadan bir otaqda 14 gün bütün sutka boyu nəzarət altında saxlanılıb və bu müddət ərzində orada sağ qalıb. Bu prosesdə hər gün mədəsinə baxılıb və gündəlik rentgendən keçib. 14 gün sonra Hindistandakı həkim briqadası Prahland Janinin iddiasının doğru olduğunu və bunun elmi baxımdan sübut olunduğunu söyləyib. Dünya ictimaiyyətinə bomba kimi düşən iddia uzun müddət müzakirə edilmişdi. Müasir tibb təhsili almış həkimlər isə bu hadisənin mümkünsüz olduğunu və mütləq bir hiylə işləndiyini bildirir. Çünki müasir təbabətə görə, bu mümkünsüzdür. Lakin danışdığmız hadisənin həqiqət olduğunu düşünən alimlər də az deyil.
Oruc həkimi Rudiger Dahlke onlardan biridir. O, Almaniya kanallarından birinə verdiyi müsahibədə müasir elmdən kənarda bu hadisənin həqiqət olduğunu və ön mühakimələr olmadan bu hadisənin tərəfsiz heyət tərəfindən araşdırılmasının lazım olduğunu söyləyib. O, özünün də uzun müddətli oruc tutduğunu və 1 həftə yemədən, içmədən oruc tutanda qeyri-adi təcrübə topladığını deyib.
Başqa bir həkim Sudih Shah Hindistanda verdiyi müsahibədə böyük tibbi heyətlə birlikdə 2003-ci ildə bu təcrübəni həyata keçirdiyini deyib. O bildirib ki, təcrübəsi ilə Prahland Janiyə yaxınlaşıb. Sudih Shah onu da iddia edib ki, oruc tutduğu müddətdə ona “Yalan deyirsənsə, səni ifşa edərəm və sənin bir yalançı olduğunu dünya aləmə yayaram. Əgər doğru danışanlardansansa, bu hadisəni bütün dünyaya çatdırıram” deyildiyini xatırlayır.
Bu fenomenə şübhə ilə yanaşan başqa biri də qidalanma üzrə mütəxəssis, professor Volfqanq Markdır. O, verdiyi müsahibədə “Belə həyat tərzi elmdə mümkün deyil, lakin bunun detalları tam olaraq açıqlanmayıb” , – deyə bildirib.
Müasir elm bu hadisəni qəbul etmir, çünki müasir elmə görə, bu, mümkün deyil. Çünki insanın yemədən, içmədən yaşaya bilməsi faktını qəbul etmək bütün məktəb dərsliklərinin dəyişməsini və tamamilə fərqli nəzəriyyələr tələb edir.
www.yenicag.az