Əlövsət Talışxanlıdan Osman Kazımova ağır “Surət Hüseynov” ittihamı

media-hightechnic-468x90

32

Səxavət Əlisoyun açıqlamasına tərəflərdən reaksiya gəldi

Vurğun Əyyub: “Partiyadan məni çıxarmaq üçün də bir əsas yoxdur”

Elman Fəttah: ““Səxavət Əlisoyun kimlərinsə partiyadan xaric olunacağı barədə dedikləri böhtandır”

 “Dünən bir müsavatçı zəng edib dedi ki, Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahı ilə olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər. Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd çıxışlar edir, təftişçiliklə məşğuldur, partiyanı nüfuzdan salırlar”.  Yenicag.az-ın məlumatına görə, bunları Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy özünün facebook səhifəsində yazıb.

Əlisoy onu da əlavə edib ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, özünün də adı bu siyahıda var.

O, daha sonra bunları əlavə edib: “Bəylər, hüquqşünas Osman Kazımov tamamən düzgün buyurur, kim ki, Hacılının legitimliyinə şübhə edir, “təmizləmə” əməliyyatına məruz qalmalıdır. Saxtakarlıqla barışmayanları, Hacılını maliyyə fırıldaqlarında ittiham edənləri, rayon təşkilatlarındakı acınacaqlı duruma rəğmən Hacılını günahkar bilənləri, bir sözlə ona sizlər kimi biyyət etməyənləri partiyadan kənarlaşdırmaq gərəkdir”.

Məsələ barədə Yenicag.az-a açıqlamasında partiyadaxili müxaliflərdən MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlı bildirdi ki, onların  bir qrup müsavatçını partiyadan çıxarmaq istəyi varsa, bu nizamnaməyə ziddir: “Səxavət Əlisoyun bu barədə yazdıqları ilə tanışam. Osman Kazımovun dilindən səslənib ki,  “37-ci ilin Stalin repressiyaları”nın dalğası kimi, Müsavatı  təmizləmək lazımdır. Həmin Osman Kazımov eşitdiyimə görə, Sürət Hüseynovun Gəncə qiyamı zamanı onu təntənə ilə qarşılayıb. Bir sıra müsavatçılar isə o zaman İsa Qəmbərin tutulmasına rəğmən bütün təhdidlərə baxmayaraq, heç nədən qorxmadan ona yemək aparırdı. Keçmiş baş katib Nizami İbrahimli, Rizvan Hüseyn bu barədə hal şahididirlər.  Bizi partiyadan xaric etmək istəklərinə məhz 37-ci ilin repressiya dalğası kimi baxıram. Demokratik bir partiyada tənqidə görə, partiyadan çıxarırlarsa, bunu başa düşə bilmirəm. Tənqidə görə, təşkilatda partiyadan çıxarmaq məsələsi yoxdur. Hər hansı nizamnamə pozuntusu olduğunu isbat edə bilərlərsə, buyursunlar. Hazırda Osman Kazımovun bu çağırışı bir növ Xəlil Rzanın “davam edir 37, daha dolğun, daha ciddi” şerində deyilənlərə bənzəyir. Osman Kazımov da həmin sistemin yetirməsidir. Onun üçün nə nizamnamə, nə qanun var”.

Vurğun Əyyub isə Yenicag-a bildirdi ki, onu partiyadan çıxarmaq üçün hər hansı bir əsas yoxdur: “Partiyadan çıxarılanlarla bağlı belə bir siyahə mənə bəlli deyil. O siyahının nə dərəcədə doğru olub-olmadığı barədə də məlumatım yoxdur. Həmçinin, partiyadan məni çıxarmaq üçün də bir əsas yoxdur”.

Müsavat Məclisinin üzvü Elman Fəttah S. Əlisoyun dediklərini: böhtan adlandırdı: “Səxavət Əlisoyun kimlərinsə partiyadan xaric olunacağı barədə dedikləri böhtandır.  Müsavat Partiyasında partiyadan gedənlər, yaxud da qalanlar mövzusu müzakirə olunmur. Belə bir siyahı tərtib edilməyib. Sadəcə olaraq, S. Əlisoy özü partiyanın nizamnaməsini ardıcıl və kobud şəkildə pozmaqda davam edir. Fikirləşib ki, görəsən onun haqqında bu vaxta qədər bir  tədbir görmürlər. Yəni bu onun narahatçılığından doğan məsələdir. Müsavatda üzvlər nizamnaməyə ciddi şəkildə əməl etməlidir. Nizamnaməni pozanlar barədə daima lazımi tədbirlər görülüb, gələcəkdə də görüləcək. Ancaq S. Əlisoyun idddia etdiyi hər hansı siyahı yoxdur. Bu onun böhtanıdır”.

Müsavat başqanı Arif Hacılı isə saytımıza açıqlamasında məsələyə münasibət bildirməyəcəyini qeyd etdi.

Qeyd: Yazıda adı çəkilən vəkil Osman Kazımovla əlaqə yaratmaq imkanımız olmayıb. Lakin onun Facebook ünvanına suallarımızı ünvanlamışıq. Cavab alar-almaz yayınlayacağıq.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600