Fövqəladə və səlahiyyətli səfir diplomatik statusuna malik olan Elşad İskəndərovun Türkiyə əleyhinə pozucu fəaliyyətlə məşğul olduğu aşkarlanıb.
Yenicag.az Türkiyənin “Yeni Akıt” qəzetinə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yanvarın 15-də Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən baş qərargahında keçirilən toplantısında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovun Azərbaycan-Türkiyə münasibətlərini korlamağa yönəlik fəaliyyəti üzə çıxıb.
Məlumata görə, İƏT-in sözügedən toplantısında İran körfəzi ölkələrindən birinin səfiri söz alaraq, şokedici fikirlər səsləndirib. Səfirin sözlərinə əsasən, Azərbaycan Xarici İşlər Nazirliyində işləyən bir məsul şəxs həmin ölkənin Bakıdakı səfirliyinə gələrək, Türkiyənin onlara qarşı “tələ qurduğunu” deyib. Səfir bu məlumatla əlaqədar Azərbaycanın İƏT-dəki nümayəndəsi Şahin Abdullayevin bu məsələyə aydınlıq gətirməsini istəyib.
Bu olaydan sonra Azərbaycanda aparılan təhqiqat nəticəsində aydın olub ki, məsələ Xarici İşlər Nazirliyindən verilən yanlış məlumat nəticəsində bu qədər böyüyüb.
Təhqiqat daha bir ilginc məqamı ortaya çıxarıb. Nəzərdə tutulan Körfəz ölkəsinə pozucu xarakterli məlumatlar ötürən şəxsin Azərbaycan Xarici İşlər Nazirliyində çalışan fövqəladə və səlahiyyətli səfir, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov olduğu müəyyən edilib.
Bu konkretlikdən sonra İskəndərov Türkiyədə “Persona non grata” (“Arzuedilməz şəxs”) elan edilərək, ölkəyə girişi yasaqlanıb.
Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbaut xidməti məlumat yayaraq, xəbəri təkzib edib. Dövlər qurumundan verilən məlumata görə, Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.
www.yenicag.az