“Hamısına hörmətlə yanaşıram, amma sənət aləmində heç bir rəfiqəm, dostum yoxdur. Çünki ailəmdən başqa heç kimə güvənmirəm. Münasibətlərim də salam-sağol səviyyəsindədir”.
Bunu Əməkdar artist, tannımış müğənni Rəhilə Bəndəliyeva Yenicag.az-a açıqlamasında deyib.
Müğənni qalmaqallardan uzaq olmaq üçün hər zaman şou aləmdən kənar gəzdiyini bildirib:
“Mən qalmaqal adamı deyiləm, bunu aparıcılar da yaxşı bilir. Verilişlərə gedəndə yalnız sənətimdən danışıram və mahnılarımı ifa edirəm. Kimlərsə barədə sual verəndə də susuram və deyirəm ki, bu suallar mənlik deyil. Bəzən hansısa sənətçinin şəxsi həyatı müzakirə olunur. Filankəs boşanıb, filankəsin həyatında bir insan var və s. Hər kəsin şəxsi həyatı özünə məxsusdur və kim necə istəyir, elə də yaşayır. Boşanıb özü bilər, kimlə oturub-durur, yenə də özü bilər. Heç vaxt şəxsi həyata, qalmaqallara, dedi-qodulara qarışmıram. Qarışanlara da yaxşı baxmıram. Verilişlərə gedəndə belə qarşılaşdığım həmkarlarımla salam-sağoldan başqa heç bir söhbətimiz olmur. Belə daha münasibdir.
Bəzən aparıcılar özləri qalmaqala, dedi-qoduya şərait yaradır. Heç müğənnidə də günah olmur. Verilişinə çağırır, sənət qalır qıraqda, müğənnini qalmaqala çəkir. Mən getdiyim verilişlərdə belə suallar verə bilməzlər. Hər kəsə özünə uyğun suallar verilir. Qalmaqallı müğənnini də yaxşı tanıyırlar, sənətlə gündəmə gələnləri də… Məni də dəvət edəndə gedib sənətimi nümayiş etdiririrəm. Qalan vaxtımı da ailəmlə keçirirəm və yaradıcılığımla məşğul oluram”.
Cəvahir
www.yenicag.az