“Ölkəmizin daha da gözəlləşməsi, çiçəklənməsi, dünyaya səs salmasını istəyiriksə, seçimimizi düzgün etməliyik”.
Bu fikirləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən Əməkdar artist, rejissor Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.
O, Azərbaycan xalqına zəfər sevinci yaşadan ölkə başçısının prezidentliyə yeganə namizəd olduğunu bildirib:
“Bir vətəndaş olaraq hesab edirəm ki, seçkilərə heç bir lüzum yox idi. Çünki mənim üçün yeganə prezident var, o da İlham Əliyevdir. Prezidentimin ölkəmiz üçün etdikləri göz qabağındadır.
Amma bütün o nailiyyətlər, böyük işlər öz yerində, Qarabağın işğaldan azad olunması sevincini, fəxarətini bizə məhz Ali Baş Komandanımız bəxş etdi. Buna görə də mənim üçün başqa bir seçim ola bilməz. Eləcə də hər bir azərbaycanlı üçün…
Qüdrətli prezidentimiz itirilmiş qürurumuzu bərpa etdi. Qalib dövlət başçılarımız, fatehlərimiz əsrlər boyu olub. Amma Nadir Şahdan bu yana qalibiyyət gətirən dövlət başçımız yox idi.
İtirilmiş qürurumuzu, torpaqlarımızı bizə yenilməz sərkərdəmiz olan İlham Əliyev qaytardı. Nə qədər ki sağam, nə qədər seçkilər olsa, bir seçimim olacaq, o da İlham Əliyevdir.
Allah dövlət başçımızı, ordumuzu qorusun. Hələ onun rəhbərliyi ilə bütün sahələrdə daha böyük qələbələrə, uğurlara nail olacağıq. Biz həqiqətən də, ölkəmizin daha da gözəlləşməsi, çiçəklənməsi, dünyaya səs salmasını istəyiriksə, seçimimizi düzgün etməliyik.
Azərbaycanın prezidenti yalnız İlham Əliyev olmalıdır. Necə ki indi də odur. Mən fəxr edirəm ki, belə bir uğurlu və güclü siyasəti ilə dünyaya səs salan prezidentin idarə etdiyi bir dövlətin vətəndaşıyam”.
Cəvahir
www.yenicag.az