Əməkdar jurnalist vəfat etdi

media-hightechnic-468x90

Lerik rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar jurnalist Həmzə Vəliməmmədov vəfat edib.

Yenicag.az xəbər verir ki, Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olub. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedaqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan “Bolluq uğrunda” (indiki “Lerik”) qəzetində şöbə müdiri işləyib. 1970-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirib.

Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışıb. Rayon ağsaqqallar şurasının sədri olub.

Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilib, radioda səsləndirilib. 1983-cü ildə “Qızıl qələm” mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Təcrübəli jurnalistin 2010-cu və 2011-ci illərdə “İllərdən qalan izlər”, “Şərəflə yaşanmış ömür” və “Elin unudulmaz oğlu” kitabları çapdan çıxıb. 10 övlad atası, 17 nəvə babasıdır.

Qeyd edək ki, H.Vəliməmmədovun övladları dövlət qulluğunda məsul vəzifələrdə çalışır. O, Lerik Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın atasıdır.

Mərhumun dəfn mərasiminə hazırlıq görülür./Report/

media-ziraat-728x90

Əməkdar jurnalist vəfat etdi

media-hightechnic-468x90

downloadYenicag.az xəbər verir ki, Azərbaycan jurnalistikasına ağır itki üz verib. Ömrünün 60 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr etmiş, əməkdar jurnalist, II Dünya müharibəsinin veteranı Kazım Hacı oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.

Uşaqlığı Bakıda repressiya olunmuş ailədə, ağır mənəvi-fiziki çətinliklər şəraitində keçən gələcəyin jurnalisti bütün bunlara baxmayaraq həyatın işıqlı cəhətlərindən güc alaraq, milli və ictimai dəyərlərə rəğbət ruhunda böyümüş, dövrünün təhsil və tərbiyə imkanlarından bacarıqla bəhrələnmişdir.Orta məktəb partasından dünya savaşı cəbhəsinə yollanan Kazım Ələkbərovun döyüş yolu Böyük Vətən müharibənin başlanğıcından qələbəyədək davam etmiş, doğma Bakıya sinəsi orden-medallarla qayıtmışdır. O, jurnalistik fəaliyyətinə də əynində əsgər şineli ilə başlayıb.
Kazım Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində (indiki AzərTAc ), “Kommunist” (indiki “Xalq qəzeti”), “Bakı”-“Baku” qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələrdə işləmişdir. Peşəkar jurnalistikamızın formalaşmasında və inkişafında, gənc jurnalistlər nəslinin yetişməsində layiqli xidmətləri olan Kazım Ələkbərov əmək fəaliyyətinin son illərində paytaxtın idarəetmə sistemində çalışmış, dövlət idarələrində ana dilinin tətbiqi işinə yaxından kömək göstərib.

Təcrübəli və nüfuzlu jurnalistin mərkəzi mərbuatda aktual mövzularda, müxtəlif janrlı yüzlərlə yazısı dərc olunmuşdur. Uzun illər Kazım Ələkbərov elm, təhsil, tərbiyə mövzusunda yazan ən yaxşı qələm sahiblərindən biri olmuşdur. Obyektivliyi, prinsipiallığı, məsuliyyəti, aşkarlığı, nəzakəti həmişə peşə davranışı norması kimi qəbul etmiş Kazım Ələkbərov ömrü boyu jurnalist üçün vacib olan bu prinsiplərə sadıq qalmış, paklığı və təmənnasızlığı ilə seçilmişdir.

Təqaüdə çıxandan sonra da Kazım Ələkbərov jurnalistika aləmindən uzaq düşməmiş, bir-birinin ardnca 6 kitab ( “Mən necə jurnalist oldum”, “Jurnalist ömrünün akkordları”, “İki cəbhə əsgərinin xatirələri”, “Yazmışam ki, izim qala”, “Xeyirxahlarım”, “Şirin- acı xatirələr”) yazıb.

Bu nəşrlərdə milli jurnalistikamızın müharibədən sonrakı mərhələsinin peşəkarlıq xüsusiyyətləri, tanınmış nümayəndələri, yaddaqalan hadisələri, milli maraqlarımız uğrunda mübarizəsi geniş əksini tapmışdır. Kazım müəllim bir vaxtlar çalışdığı jurnalist kollektivləri ilə əlaqəsini kəsməmiş, vaxtaşırı gənc jurnalistlərə tövsiyyələrini çatdırmış, ölkədə gedən media proseslərinə faydalı mülahizələri ilə xeyirxah köməyini göstərmişdir. Kazım Ələkbərovun milli jurnalistikamızın inkişafında xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Əməkdar jurnalist fəxri adına və dövrünün nüfuzlu yaradıcılıq mükafatı olan “Qızılıl qələm”ə və Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna layiq görülmüşdür.

Peşəkar jurnalist, gözəl insan, müharibə və əmək veteranı Kazım Hacı oğlu Ələkbərovun unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

(Modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600