“Alternativ” Kommunikasiya və Tədqiqatlar İB yeni layihəyə başlayıb
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İB Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əngəlsiz qayıdış”: minalarla mübarizə adlı layihənin icrasına start verib. Layihənin əsas məqsədi azad olunan ərazilərə əngəlsiz qayıdışla bağlı vəziyyəti araşdırmaq, sakinlərin doğma yurdlarına qayıdışına mane olan mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə çatdırmaqdır. Bu məqsədlə Azərbaycan və ingilis dillərində Qarabağ və Şərqi Zəngəzurda minalardan zərər çəkən mülki şəxslərin hekayələrini, minatəmizləmə əməliyyatları və əldə olunan nəticələri əks etdirən “Əngəlsiz Qayıdış” adlı qısametrajlı film çəkiləcək.
Layihə eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında əlilliyi olan şəxslərin inklüziv mühit ehtiyaclarının nəzərə alınmasına dəstək olacaq. “Əngəlsiz qayıdış: minalarla mübarizə” layihəsi üzrə azad olunan ərazilərdə əlilliyi olan şəxslər üçün yaradılan mövcud mühit, infrastrukturun müəssərliyinə dair hazırkı vəziyyət, çətinliklər və imkanlar haqqında Araşdırma Hesabatı da hazırlanacaq. Hesabatda əlilliyi olan şəxslərin azad edilən ərazilərdə maneəsiz məskunlaşması, reabilitasiyası və sosial, iqtisadi, mədəni həyata inteqrasiyasına dair təkiliflər də yer alacaq.
Layihənin sonunda filmin və Araşdırma Hesabatının təqdimat mərasimi keçiriləcək.
www.yenicag.az