Ərdoğana qarşı “Gül” planı – Baş məsləhətçi sabiq prezidentin sirrlərini açıqlayır
Türkiyənin koalisiyalı hökuməti müzakirə etdiyi bir dönəmdə sabiq prezident Abdullah Gül ilə bağlı kitab ortalığı ciddi şəkildə qarışdırıb. Yenicag.az xəbər verir ki, Gülün baş məsləhətçisi Əhməd Sevər tərəfindən qələmə alınan “Abdullah Gül ilə 12 il” kitabı son illərin pərdərarxasında yaşananları anladır.
Kitab yazarının sözlərinə görə, həm də sabiq xarici işlər naziri olan Gül, Ərdoğan və Davudoğlunun xarici siyasətini bəyənməyib. Hətta Davudoğlunu “sən Misirin yoxsa Suriyanın xarici işlər nazirisən?” deyə, qınayıb. Kitabda eyni zamanda Arıncı istefa etmək fikrindən Gülün daşındırdığına diqqət çəkilir. Gülün Ərdoğan ilə tərs düşdüyü başqa bir məqam isə dörd nazirin mühakimə edilməməsi olub.
Sevər onu da bildirib ki, Gül yenidən siyasətə qayıtmaq istəyir. Lakin şərtləri var: “Gül ehtiyac olarsa, bu barədə düşünə bilər. Lakin şərtləri var. Başlıca şərti odur ki, ikibaşlı iqtidar olmaz: “Gül deyir ki, mən baş nazir olsam, kimsə müdaxilə etməməlidir. Mən necə cümhurbaşqanı oldumsa, Ərdoğan da elə olmalıdır. Səlahiyyətlərini aşmamalıdır. O necə baş nazirlik etdisə, mən də elə baş nazir olaram”.
Baş məsləhətçinin sözlərinə görə, Gülə ciddi təkliflər olsa da, o, koalisiyanın qurularaq, sınaqdan keçirilməsini gözləyir.
Gül ilə bağlı kitabın indiki dönəmdə meydana çıxması və xüsusilə Camaat mediası tərəfindən “Avropa Birliyi ilə əlaqələri yenidən canlandıracaq, xarici siyasətdəki yanlışlıqları aradan qaldıracaq, ölkəni qütbləşmədən qurtaracaq” lider olaraq təqdim edilməsi ingilislərin yeni oyunu olaraq qiymətləndirilib. Belə ki, Gülün İngiltərə ilə isti əlaqələrinin olduğu bilinməkdədir.
Gül üzərindən AKP-nin bölünməsi və ya ələ keçirilməsi planı üzərində işlənildiyi də vurğulanmaqdadır. 3 dəfə seçildikdən sonra bu seçkidə kənarda qalanların və digər narazıların birləşdiyi yeni partiyanın olması üzərində planlar qurulmaqdadır. Çünki AKP-də iqtidar savaşının Ərdoğana rəğmən aparılmasının mümkünsüz olduğu bilinməkdədir. Bu səbəbdən də Ərbakanın Rəfah Partiyası kimi AKP-nin də qalması, lakin içinin boşaldılması planı üzərində iş gedir. Gülün bu planın hansı mərhələsində prossesə qatılacağı bəlli deyil. Lakin siyasətdə qalmaqda israr edən sabiq prezidentin uzun müddət səssiz qalmayacağı da bilinməkdədir.
Xatırladaq ki, Gül öz fikirlərini ona yaxın şəxslərin dili ilə mətbuata ötürməsi ilə tanınır.
Yenicag.az