!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər kəndə hücum çəkəndə, özümü atdım gölə... - Nəzakət Teymurovadan URƏKDAĞLAYAN MÜSAHİBƏ

!Reklam – Yazi

İllərdir ki, Akademik Opera və Balet Teatrının səhnəsində “Leyli və Məcnun” operasında sevilən Leyli kimi yadda qalıb. Amma heç kimin gözləmədiyi halda, qəfil qərar verdi və opera səhnəsi ilə birdəfəlik vidalaşdı. Təbii ki, onu bu addımı atmağa vadar edən səbəblər var. Amma olan elə biz tamaşaçılara oldu… Xalq artisti, səhnəmizin cazibədar Leylisi Nəzakət Teymurova ilə dərs dediyi Milli Konservatoriyada görüşdük. Auditoriyadan çıxan xanım sənətçiyə sual verməyə ehtiyac belə qalmadı. Özü söhbətə körpü saldı…

– Tələbələr o qədər xaric oxudu ki, başım ağrıdı. Təsadüf nəticəsində bu təhsil ocağına düşən tələbələr də çoxdur. Bəziləri deyir ki, mən sənətçi olmaq istəmirdim, valideynlərim məcbur elədi, bəziləri təsadüfən bu fakültəyə düşdüklərini söyləyir. Valideynlərdə də günah çoxdur. Onlara elə gəlir ki, övladları bu fakültəni bitirən kimi toya gedəcək, qaz vurub, qazan dolduracaq. Bəzi tələbələr də daha çox estradaya meyl göstərir. Yenə də səbəb aydındır. Toy bazarında özünə yer eləmək.

– Siz təhsil alanda belə şeylər yox idi ki?

– Var idi. Bizim qrupumuzda 12 tələbə vardı, amma tanınan, seçilən Zabit Nəbizadə ilə mən oldum. Yaxşı xanəndə əslində, 4-5 ildənbir yetişir. Mən Nəriman Əliyevin sinfini bitirmişəm, sonra da Aif Babayevdən dərs almışam. Müəllimlərimiz bizə deyirdi ki, əvvəl sənət öyrənin, ruziniz sonra özü gələcək. Hətta yadımdadır ki, Nəriman müəllim IV kursa qədər bizə icazə vermirdi ki, gedib hardasa çıxış edək. Deyirdi, korlanarsız, təhsildən yayınmaq olmaz. Amma indikilər belə deyil. I kursdan gedib, musabiqələrdə iştirak edir. Nədi-nədi tanınsın, populyar olsun. Mən bu gün Nəriman müəllimə rəhmət oxuyuram ki, nə yaxşı bizə sənətin incəliklərini öyrətməmiş heç yerə qoymadı.

– Ona görə də bu gün “YUNESKO-nun ən gözəl səsi” titulunu daşıyan yeganə azərbaycanlı xanəndəsiz…

– 2011-ci il Özbəkistanda keçirilən “Şərq təranələri” adlı festivalda bu titula layiq görüldüm. O festivalda dünyanın 60 ölkəsinin sənət adamları təmsil olunurdu. 25 dəqiqə ərzində muğamlardan ibarət kompozisiya təqdim etdim və belə bir fəxri titula layiq görüldüm. Sonra məni əksər ölkələrə konsertlərə dəvət etdilər.

– Əcnəbi tamaşaçılar Azərbaycan muğamını necə qarşılayıb?

– Sizə bir misal çəkəcəm. Biz Fransada konsert verirdik. O konsertdə iki-üç nəfər İran azərbaycanlısından savayı bütün tamaşaçılar əcnəbilərdən ibarət idi. Bizə belə demişdilər. Mən orda bir muğam oxudum. Bəlkə də milçək uçsaydı, vızıltısı eşidilərdi, o dərəcədə salonda sakitlik vardı. Qəfildən İran azərbaycanlısı ayağa qalxıb qışqırdı: “Qarabağın maralı”. Bütün tamaşaçılar hiddətlə ona baxıb, oturmağa məcbur etdilər və çox əsəbiləşdilər. Mən sonradan bunun səbəbini başa düşdüm. Sən demə, əcnəbi tamaşaçılar konsert zamanı müğənnini dinləmək üçün susmağa üstünlük verirlər, bu adam da yerindən qalxıb qışqırmaqla onların fikrini yayındırıb, öz dünyalarından ayırmışdı. Ümumiyyətlə, əcnəbi tamaşaçı müğənnini tam sakitlikdə dinləyir və çoşğusunu sonda bildirir.

– Sizcə bu, yaxşı haldır?

– Əlbəttə, müğənni də öz aləmində olur, tamaşaçı da. Kaş bu bizim tamaşaçılara da tətbiq olunaydı. Yoxsa ki, peşmansan zil nota köklənəsən, bir zəngülə vurasan, o saat başlayırlar qışqırışmağa. Mən xoşlamıram bunu. Sənətçinin fikri yayınır, gözləyir nə vaxt insanlar sakitləşəcək, sonra başlayır oxumağa. Artıq əvvəlki əhvalı da qalmır.

– Çoxları səsinizi Rübabə Muradovanın səsinə bənzədir…

– Bir dəfə məndən soruşdular: qarabağlı qızısınız, torpaqdan ayrı düşmüsünüz. Rübabə xanım da vətən həsrəti ilə alışıb-yanırdı. Bu həsrətin mayasında torpaq xiffəti dayanırmı? Sözsüz ki, mən müqayisəni sevmirəm, amma Rübabə xanım həqiqətən də mükəmməl sənətkar idi. Onun “Leyli və Məcnun”da şam səhnəsi o qədər təsiredicidir ki, o səhnəni unutmaq mümkün deyil. Qarabağlı qızıyam və yaş üstünə yaş gəldikcə, insan torpağını daha çox arzulayır. Torpaq indi məni daha çox çəkir.

– Sonuncu dəfə Ağdamdan nə vaxt çıxmışdınız?

– 1992-ci ildə. Qorxudan evə girmirdik ki, erməni “qrad” atar. Həyətdə gizlənirdik. Bir onda gördük ki, evimiz yanır. Ermənilər evimizi yandıranda anam və bacılarım güclə qacıb, canımızı qurtardıq. Dəhşətli mənzərəydi: qonşumuzda bir ailə vardı, ermənilər evlərini dağıtmışdı, yaxınlarını öldürmüşdü, dəhşəti görəndən sonra ata-bala dəli olmuşdular. Mənim də yaxınlarım orda şəhid oldu.

– Heç yuxuna girirmi kəndiniz?

– 3 gün bundan əvvəl yuxuma girmişdi. Kəndimizdə bir göl vardı, Cinli kəndiylə bizim kəndimiz olan Əlmədətlini ayırırdı. Yuxuda gördüm ermənilər kəndə hücum çəkib, qızımla gizlənməyə yer tapmırıq, özümüzü atırıq o gölə. Amma göl burulğanla bizi atır kənara… Atamı erkən itirmişəm. Uşaq vaxtı şimşək çaxanda qorxudan atamın dizlərinə sığınırdım. Soruşurdum ki, ata, şimşək niyə çaxır? Deyirdi ki, şimşək Allahın qırmancıdır, atına vurur, buna görə də göylər şaqqıldayır. İnanırdım. Hərdən o tərəflərdə konsert verməyə gedəndə baxıram uzaqlara. Deyirəm Allahım, dəhşətə bax ki, öz kəndimizə gedə bilmirəm. Amma uçan quşlar azaddır, bizdən fərqli olaraq istədikləri vaxt Qarabağın səmasında uçuşurlar. Onlar bizdən daha cəsarətli, daha torpaqsevərdir. Biz burdayıq, amma onlar kəndimizdə, Qarabağda, Şuşada…

Gör neçə il keçib, yaşlandıqca içimdəki torpaq niskili daha da böyüyür, daha ağrılı olur. Arif Babayevlə bir dəfə Ağdam haqqında söhbətləşirdik, dedi, mən evdə kağıza kəndimizin yerlərini cızıram, qorxuram birdən yadımdan çıxar. Mən də həmişə oturub kəndimizi, onun cığırlarını, dağını-daşını düşünürəm, deyirəm aman Allah, birdən yadımdan çıxararam o yerləri. Məktəbimiz kəndin yuxarı başındaydı, evimiz də kəndin ayağında… Evlə məktəb arası yarımsaatlıq yol idi. Səhər ala-qaranlıqdan durub, yola düşürdük. Qışda lap qaranlıq olurdu. Bir də görürdün kiminsə iti açılıb, uşaqlardan birini qapıb. Burda Bakıda oturub, Ağdamdakı kəndimizi fikirləşəndə məni ağlamaq tutur…

– İnşallah, o yerlər alınar, yenə də qayıdarsınız kəndinizə… Nəzakət xanım, deyin görək Opera səhnəsini niyə tərk etdiniz? Bilirəm ki, incimisiniz, amma nədənsə, bunu etiraf etmək istəmirsiniz…

– Belə lazımdır… Düşündüm ki, daha bəsdir.

– Bir dəfə Arif Babayev müsahibə verərkən dedi ki, gördüm kökəlmişəm, oynayanda səhnədə taxtalar tərpənir, dedim ki, daha bəsdir. Teatrdan getdim və yeri verdim cavanlara. Onu başa düşdük, yaşa dolmuşdu, siz axı hələ cavansınız…

– Getmək istədim və getdim. Düşünürəm ki, opera səhnəsindən urvatlı getmək lazımdır. Qoy indi Leylini cavanlar oynasın.

– Opera səhnəsində çox leylilər olub, hərəsi də hansısa xüsusiyyətinə görə başqalarından fərqlənib. Bəs sizin Leyliniz digərlərindən nəylə fərqlənib?

– Bu suala siz tamaşaçılar məndən daha gözəl cavab verə bilərsiniz. Amma mən hesab edirəm ki, həmişə çalışmışam oynadığım Leyli səmimi olsun.

– Həyatda daha səmimi Leylisiniz, yoxsa səhnədə?

– Məncə, səhnədə Leylini daha ürəkdən oynamışam.

– Bildiyimə görə qızınızın da səsi var, amma onun sənətə gəlməsini özünüz istəməmisiniz.

– Bir övladım var, həmişə ona məsləhət görmüşəm ki, təhsilinin dalınca getsin. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyur. Onun müğənni olmasını nə mən istədim, nə də atası. Razılıq vermədik. Çünki qadın üçün çətin sənətdir. İstəmədim qızım da mənim kimi əziyyət çəksin.

– Belə anladım ki, sərt anasınız.

– Sərt, tələbkar və mühafizəkaram. Qızım artıq tələbədir, amma mənim gözüm hələ də onun üstündədir.

– Qadağalarınız varmı?

– Əlbəttə var. Geyimindən tutmuş davranışına qədər. Bu yaşda da mən ona paltar seçirəm. Axşamdan artıq müəyyən olunur ki, səhər dərsə nə geyinib gedəcək.

– Bəs o bezmir sizin bu qadağalarınızdan?

– Bəzən bezir, amma mənim bir sözüm iki olmur.

– Hər halda, müəyyən yaş həddində olan qızdır, onun da öz seçimi ola bilər, niyə bu qədər sərtsiniz?

– Sənət adamının övladı hər zaman diqqət mərkəzində olur. Ola bilər, onun yanındakı başqa qızların geyimi, oturuşu-duruşu müzakirə olunmasın, amma tanınmış adamın övladı daim müzakirə olunur. Bunu nəzərə alıb, qızıma başa salmışam ki, getdiyi yerlərdə oturuşuna-duruşuna , danışığına, geyiminə fikir versin. Əslində, qızım ağıllıdır, məsləhətə ehtiyacı da yoxdur, amma mən sözümü deyirəm.

– Belə anladım ki, ailə quranda da seçiminə müdaxilə edəcəksiniz?

– Mütləq. Bir də həmişə qızıma məsləhət edirəm ki, ailə quranda evin hər sözünü mənə danışma. Küsərsən, barışarsan, amma mən hirslənib, kiməsə söz deyərəm, arada inciklik yaşanar. Sən səhəri gün barışarsan, ortada pis mən olaram. Hər halda, bütün analar kimi mən də istəyirəm ki, qızım gedəcəyi yuvada xoşbəxt olsun, hər sözü söz eləməsin.

 

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv