Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakinləri kəndi boşaltmaq məcburiyyətində qalıb.
Məlumatda bildirilir ki, ermənilər Culfa rayonunun Ləkətağ kəndini yüksək çaplı silahlardan atəşə tutubar. Dinc sakinlər kəndi tərk etmək məcburiyyətində qalıblar. Hətta digər məlumatda bildirilir ki, ərazidəki Kola adlı yüksəkliyi ermənilər nəzarətə götürüblər.
Kənd sakinləri onu da bildiriblər ki, ermənilər Naxçıvanda cəbhəboyu hərəkətə keçiblər. Hazırda qızğın döyüşlər gedir.
Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışırıq.
Hadisə ilə bağlı danışan Naxçıvanda olan həmkarımız Həkimeldostu Mehdiyev bildirdi ki, Naxçıvanda, Ləkətağ istiqamətində ermənilərin atəşkəsi pozması halları son günlər intensivləşib:
“Hazırda da fasilələrlə atışmalar davam edir. Amma dünən və srağagün ermənilər daha intensiv atırdılar. Adətən, iri çaplı silahlardan istifadə edilir”.
H.Mehdiyevin sözlərinə görə, Ləkətağ kəndinin sakinlərinin kəndi boşaltması və ermənilərin Kola yüksəkliyini ələ keçirməsi barədə məlumatlar əsassızdır:
“Ləkətağ kəndinin sakinləri heç hara köçməyiblər, adi gündəlik həyatlarını yaşayırlar. Doğrudur, təmas xəttinə çox yaxındırlar. Ancaq ermənilər atəşkəsi pozanda əsgərlərimiz qarşılıq verir və sakinlər üçün heç bir narahatlıq yoxdur”.