İşıqlar söndü, problemlər gün üzünə çıxdı.
Müharibə şəraitində yaşayan Azərbaycan təhlükəni hər yerdən gözləməlidir. Bildiyimiz qədər, gözləyir də. Məmurlar dövlətin hər cür təhlükəyə hazır olduqlarını dəfələrlə deyiblər. Ancaq hər dəfə yaranan bir problemdə sözlərin boş, təhlükənin isə nə qədər ciddi olduğunu görürük.
Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ölkəni qaranlığa qərq etdi. Ümumiyyətlə, yaşadığımız dövrdə elektirik enerjisinin nə qədər vacib olması heç kəsə sirr deyil. Belə olan halda işığın sönməsi ilə ölkədə bütün sahələr demək olar ki, iflic oldu.
Hazırda Azərbaycan və Ermənistan durmadan silahlanma ilə məşğuldur. Hər iki dövlət raket sistemləri alır və bir-birinə göz dağı verir. Ermənistan tərəfinin demək olar ki hər dəfə raket aldıqdan sonra ilk açıqlaması Mingəçevir Su Elektrik Stansiyasını vurmaq olur. Hər zaman olduğu kimi, bir çoxları bu bəyanatı ciddi qəbul etmir. Ancaq bu təhdidi ciddi qəbul edən Azərbaycan dövləti Mingəçevir SES-in təhlüksizliyi üçün havadan müdafiə sistemləri quraşdırıb. Bu yetərlidirmi? Əsla!
İşıqlar kəsiləndən sonra problemin qaynağının Mingəçevir olduğunu eşidən çoxları ani olaraq düşündü ki, görəsən ermənilər nəsə etməyib? Bunu düşünmək heç də yanlış deyil. Çünki, ermənilərin Mingəçevir SES-i vurmaq istəyi, arzusu demək olar ki, hər kəsin beyninə yeriyib, yeridilib.
İstilik Elektrik Stansiyasında baş vermiş qəza Azərbaycanın təhlükəsizlik sahəsindəki boşluqlarını gün üzünə çıxardı. Belə ki, alternativin olmaması bütün ölkəni qaranlığa qərq etdi. Beləcə elektrik enerjisi ilə çalışan hər sahədə problemlər baş qaldırdı. Bu isə bütün sahələrə sirayət etdi.
Qeyd edək ki, ötən gün cəbhə bölgəsinə də xeyli zənglər edildi. Hər kəsi maraqlandıran sual isə “orada nə isə baş vermir ki?” oldu.
Düşmən tərəfini qiymətləndirmək hər zaman faydalıdır. Düşmən tutuquşu kimi əzbərlədiyi bir şeyi tez-tez təkrar edirsə, demək ki, nələrisə hesablayıb, ən azından nələrinsə baş verəcəyini ehtimal edib. Bir anlıq düşünək ki, gecə baş verən hadisə təxribatdır. Bir neçə saat ərzində nələrin baş verə biləcəyini insan ağlının ucundan belə keçirmək istəmir. Təşviş, rabitəsizlik, işığın olmaması ucbatından informasiyanın gecikməsi… Beləcə informasiya müharibəsində tam fiasko və nəticədə ağır məğlubiyyət.
Bunlar ola bilərmi? Mümkünsüz heç nə yoxdur. Dövlət isə məhz bunların olmaması üçün var.
Təbii ki, bu ən ağır ehtimaldır. Ancaq dövlət qurumlarının işi həm də ən kiçik ehtimalları, riskləri belə hesablamaqdır. Fövqəladə hal zamanı hansı addım atılacağını bilmək və buna görə əlində olan hazır planı işə salmaq lazımdır.
Dünən gecə baş verən hadisə bir daha göstərdi ki, ermənilər dəqiq hədəf seçib. İnformasiya müharibələrində də bu hədəfi göstərməklə hansı təşvişə səbəb ola biləcəklərini son dərəcə dəqiq hesablayıblar. Baş vermiş hadisə problemləri gün üzünə çıxardığı kimi, onun həllinin hesablanmasının vacibliyini də ortaya qoydu. Bu halda hadisədən səhvlər üzərində işləmək üçün hazır vəsait kimi də istifadə etmək olar.
“Azərenerji” ASC fövqəladə hal zamanı hansı riskləri hesablayıb? Əllərində hansı dəqiq planlar var? Əgər bu planlar olsaydı, dəqiq hesablamalar aparılsaydı, dünən gecə baş verən hadisə zamanı bütün ölkə qaranığa qərq olardımı? Bu sualların cavabını isə Etibar Pirverdiyevdən Baş Prokururluq, Dövlət Təhlükəsizlik Xidməti soruşmalıdır.
Məsuliyyətdən qaçmaq üçün hər nə qədər havaların isti keçdiyi əsas göstərilsə də, baş vermiş hadisəyə görə məsuliyyəti heç şübhəsiz “Azərenerji” ASC və onun rəhbəri Etibar Pirverdiyev daşıyır.
Səxavət Məmməd
www.yenicag.az