Qarabağ müharibəsində Azərbaycan silahlı qüvvələrinin həyata keçirtdiyi bir neçə uğurlu döyüş əməliyyatları olub. O əməliyyatlardan biri də 1992-ci il iyun ayının 29-da Tərtər rayonu Həsənqaya kəndində baş verib. Həmin gün “Gəncə” batalyonu Tərtər ərazi özünümüdafiə batalyonunun kiçik bir hissəsinin köməkliyi ilə ermənilərin “Arabo” batalyonunun ərazidə olan bütün döyüşçülərini güllədən keçirib.
Həmin döyüşdə “Arabo” batalyonunun 124 döyüşçüsünün meyiti sayılıb.
Yenicag.az “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verir:
“Arabo” batalyonu haqqında qısa məlumat:
Dəstə 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gələn erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət etmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb. Batalyon yaranan zaman “Qaregin Njde” adı ilə fəaliyyət göstərib. Erməni silahlı qüvvələrinin tərkibində bu adda fəaliyyət göstərən digər dəstələr olduğuna görə, batalyonun adı dəyişdirilərək “Arabo” adı verilir. Qeyd edək ki, döyüşlərdə iştirak edən batalyonun adı ötən əsrdə türklərə qarşı terror aksiyaları törətmək məqsədilə yaradılan dəstənin adından götürülüb. “Arabo” XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub.
“Arabo” ilkin mərhələdə fəaliyyətini Azərbaycan-Ermənistan sərhəd xətti boyunca aparıb:
1989-1990-cı illər: Yeğeqnadzor rayonu, Xaçik kəndi, Əzizbəyov rayonu Bardzruni, İcevan rayonu.
1990-cı il: Noyemberyan rayonu, Əskipara.
1992-ci il Həsənqaya əməliyyatına qədər isə “Arabo” batalyonu aşağıdakı terror-təxribat və işğal əməliyyatlarında iştirak edib:
– 1992-ci il. Malıbəyli, Quşçular, Qaradağlı soyqırımı, Fərrux, Xocalı soyqırımı;
– 1992-ci il. Şuşa, Laçın;
– 1992-ci il. Barana (Noyemberyan) rayonu, Əskipara (Voskepar);
– 1992-ci il. Qafan (keçmiş Ağdərə rayonu), Qasapet, Talış, Heyvalı (Drmbon), Qızıloba (Karmiravan), Şıxarx (Leninavan), Çiləbürt (Ceraberd), Həsənqaya.
Gəncə batalyonu haqqında qısa məlumat:
Gəncə batalyonunun yaradıcısı Mehman Ələkbərov olub. Mehman Ələkbər oğlu Ələkbərov 1957-cı ildə Gəncə şəhərində anadan olub. M.Ələkbərov H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı orta məktəbdə müəllim işləyib.
Mehman Ələkbərov Milli oyanış zamanı Gəncə şəhərində fəalliyyətə başlayıb və Xalq cəbhəsinin yaradıcılarından olub.
1990-cı ilin yanvar ayında Todan, Sarısu, Çaykənd kəndlərində erməni quldurları ilə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Yaxın dostlarının ölümünə və erməni qəsbkarlarının azğınlığına dözə bilməyən Mehmanın vuruşmaq əzmi daha da güclənib və Gəncə batalyonunun yaradılmasına nail olub. O, öz batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların (Göygöl) kəndlərinin müdafiəsində iştirak edib.
Mehman Ələkbərov Todan, Sarısu, Çaykənd kəndlərində sakitlik əldə edildikdən sonra başının dəstəsi ilə Tərtər rayonuna gəlib. Mehman Ələkbərov 1992-ci ilin fevralından may ayına qədər Tərtər rayonunun hərbi komendantı olub və hərbi rejimi təmin edib. 1992-ci ilin may ayında 703 saylı hərbi hissə Bakıda formalaşaraq Goranboya göndərilib. Sərdar Həmidov isə həmin hərbi hissəni Tərtər rayonuna gətirib. 703 saylı hərbi hissə Tərtərə gəldikdən sonra Mehman Ələkbərovun komendantlığına son verilib və o, əvvələr olduğu kimi Gəncə batalyonunun komandiri kimi fəaliyyətini davam etdirib.
Mehman Ələkbərov komandir olduğu vaxt Tərtər rayonunun Cəmilli və Seyidimli kəndlərinin özünümüdafiə rotaları da Gəncə batalyonunun tərkibində olub.
“Arabo” batalyonunun fəaliyyəti barədə çox yazılıb, xeyli sayda faktlar var. Ancaq həmin döyüşün necə və kimlər tərəfindən aparılması sirr olaraq qalır ki, bu da mübahisə mövzusuna çevrilir. Həsənqayada baş vermiş məlum hadisə böyük əməliyyat olub, yoxsa döyüş toqquşması? Bunu həmin döyüşün iştirakçıları ilə reportajlarda anlayacaqsınız.
“Arabo” könüllü dəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib, o zamana qədər ki, 2008-ci ildə Youtubeda batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrlar yayılıb.
Bundan sonrakı reportajlarda həmin döyüşün necə baş verməsi, qüvvələr nisbəti, öldürülmüş erməni meyitlərinin taleyi və digər məsələlərə aydınlıq gətiriləcək.
Gəncə batalyonunun üzvləri ilə Gəncə şəhərində görüşdük. Görüşdə həmin döyüşün iştirakçıları iştirak edirdi. Reportajlardan sonra Mehman Ələkbərovun və digər Gəncə şəhərindən olan şəhidlərin qəbirlərini ziyarət etdik. Daha sonra isə qərara alındı ki, Gəncə batalyonunun həmin döyüşdə iştirak etmiş döyüşçüləri ilə Tərtər rayonuna yollanaq və bütün mübahisələr ortadan qalxsın.
Bizi izləyin…
Səxavət Məmməd
www.yenicag.az