Günəşin şəhəri Vana səyahətimiz davam edir. Xatırlayırsınızsa, demişdim ki, Van bizim kimi canlıdır, onun ruhu var. İndi isə növbə Vanın “qəlbinindir”: Akdamar adasının…
Burada uzun müddətdir ki, insanlar yaşamır. Lakin adanın canlılığından, təravətindən heç nə əskilmir. Akdamar möhtəşəm təbiəti ilə gələnləri heyran edir. Düzü, buraya vurulmamaq mümkün də deyil. Qızıl adanın firuzə qaşı isə Akdamar kilsəsidir. Bilirəm ki, qulaqdandolma fikirlərlə tez beyninizdə belə bir sual yarandı: Akdamar erməni kilsəsidir?
O zaman sizə əminliklə deyirəm, YOX!
Ermənilər deyirlər ki, Akdamar kilsəsi onlara aiddir. Təəccüblü bir şey yoxdur, ermənilərin xəstə təfəkkürünə qalsa, bütün dünya onlarındır. Əslində isə bununla Türkiyənin şərqində özlərinə bir tarix uydurmağa çalışırlar. Guya ermənilər bu torpaqların yerli əhalisidir və bura vaxtilə erməni əyaləti olub. Lakin ermənilərin bu bölgələrə köçü İslam dininin yaranmasından çox-çox sonraya təsadüf edir. Bu torpaqlarda isə xristianlığın izləri daha qədim zamanlara gedib çıxır.
Ermənilərin Akdamarla bağlı bütün iddiaları siyasi məqsədlərə hesablanıb. Belə bir söz var: “Daşı dələn suyun gücü deyil, damlaların davamlılığıdır”. Bu iddia doğrudan da, güclü əsasa malik deyil, sadəcə yaman əzmkardır. Əzbərə çevrilmiş bu yalan o qədər səsləndirilib ki, heç kim onun həqiqiliyinə şübhə etmir.
Soruşmaq lazımdır: niyə Akdamar? Niyə սպիտակ երակ yox, Akdamar? Ak – ağ əski türkcədə işıq, nur, aydın deməkdir. Damar isə yol, iz, cığır mənasını daşıyır. Adanın etimalogiyası hayqırır: “Mən Türkəm!”
Ada ilə bağlı belə bir əfsanə də var. Guya vaxtilə türk oğlan adada yaşayan Tamara adlı erməni qıza aşiq olub, hər gecə onun görüşünə gəlir. Qız isə fənərlə onun yoluna işıq tutaraq, harada olduğunu işarə edib. Qızın atası bundan xəbər tutan kimi fənəri özü götürüb, səhərə qədər adanın bir yerindən başqa yerinə gedərək oğlanı yanlış istiqamətə yönləndirib. Oğlan isə “amansız” dalğalarla boğuşmaqdan yorularaq, “Ah Tamara” deyərək fəryad edib və canını tapşırıb. Oğlanın bədəni qayalıqlara çırpılıb, parça-parça olub. (Ay tövbə, Van gölündə fırtına görmək mümkün belə deyil). Uydurmanın incəliyinə baxın, bu “Ah Tamara” da zamanla dönüb olub “Akdamar”.
Akdamar elə Akdamardı, daha nəyə gərəkdir, nağıl danışmaq… Yox, axı nağılbazlıq onların köhnə adətidir.
Kilsə və adadakı türk izləri bununla da yekunlaşmır. Gəlin, məsələyə tarixi aspektdən yanaşaq, çünki ola bilsin ki, yazını sadəcə, milli hisslərlə qələmə aldığımı düşünürsünüz…
314-cü ildə Qafqaz Albaniyasında xristianlıq dövlət dini elan olundu. Urnayrın dövründə verilən bu qərar daha sonra Sasanilərin etirazı ilə (Zərdüştiliyə sitayiş edənlər) qarşılandı, Albaniyaya çoxlu təzyiqlər edildi. Sonralar isə III Mömün Vaçaqanın dövründə xristianlıq yenidən dirçəlməyə başladı. Ölkənin müxtəlif yerlərində kilsələr inşa etdirildi. Təbii olaraq, regionda yaşayan albanlar və qıpçaqlar xristian dininə sitayiş edirdilər. İslam dininin Ərəbistan sərhədlərini aşdığı dövrdə isə xristian və zərdüştlük dinini qəbul etmiş türklər ərəblərə qarşı müqavimət göstərirdilər.
Kitabi Dədə Qorqud dastanında dinlərin mübarizəsini aydın şəkildə müşahidə etmək olar. Diqqət etmisinizsə, dastanın ilk boylarında qadınlar ictimai həyatda daha yaxından iştirak edir, qədim türk adət-ənənələri daha çox nəzərə çarpır. Sonrakı boylarda isə Qazan xanın və Oğuz elinin döyüşdən əvvəl, hər hansı yeni işə başlayarkən iki rükət namaz qıldığı bildirilir. Beləliklə, İslamdan sonra dini mənsubiyyət etnik kimliyi üstələməyə başlayır və artıq qıpçaq türkləri dastanda “kafir” adlandırılır. Şöklü Məlik Oğuz elini yağmalamağa çalışır, elin igidləri isə ona qarşı amansız mübarizə aparır.
Bu “kafir”lər sonralar Şərqi Anadoluya köçərək bu torpaqlarda məskən salırlar.
Sonrakı türk dövlətlərində də hakim din İslam dini olur, buna görə də müsəlmanlığı qəbul etməyən türklərin tarixi getdikcə kölgədə qalır, bizlərdən özgələşdirilir.
Akdamar kilsəsinin tikildiyi (915-921-ci illər) vaxt da məhz bu zamana təsadüf edir. Hansı ki, Vanda məskən salmış türklər burada öz dini inanclarını rahatlıqla davam etdirirdilər. “Erməni memarlığının analoqu olmayan bu nümunəsi”nə Azərbaycanın Qax, Şəki, Gədəbəydə də rast gəlmək olar. Lakin Akdamar kilsəsi digər kilsələrdən onunla fərqlənir ki, kilsənin sadəcə içi yox, çöl divarları da bəzədilib. Bu təsvirlərdə isə, qədim türklərin, səlcuqların, yunan-roma mədəniyyətinin izlərini görmək mümkündür. Çünki qıpçaqların kilsəsi əsrlər boyu fərqli mədəniyyətlərlə yoğrularaq, bölgənin incisinə çevrilib.
Təbii ki, biz Vanda heç vaxt erməni yaşamayıb demirik, bunu söyləmək çox absurd olardı. Lakin ermənilər olmayan tarixlərini qıpçaq türklərinin, albanların mirasına calamaqla mənfur siyasətlərini yürütməyə davam edirlər.
Son olaraq, erməni iddialarına fikir vermədən adanın və kilsənin gözəlliyindən zövq alın. Gəlin, bu həqiqəti bilməyənləri də məsələdən agah edək, irsimizə sahib çıxaq!
Aytək Yusifsoy – Bakı-Van-Bakı