“Birləşmiş Rusiya-Ermənistan ordusu o anlama gəlir ki, Rusiya Ermənistanın qanunsuz fəaliyyətinin zəmanətçisi rolunda çıxış edir”.
Bu fikri Yenicag.ru-ya Rusiya-Ermənistan birgə ordusunun yaradılmasını şərh edən politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, bütün kiçik ölkələrin suverenliyi çox məhdudlaşdırılıb və Ermənistan da istisna deyil:
“Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə burada heç bir inkişaf yoxdur. Rusiya münaqişəni dondurub və bu vəziyyət ona sərfəlidir”.
Politoloqun sözlərinə görə, prezidentlər görüşür; XİN başçıları görüşür; Minsk qrupunun həmsədrləri görüşür… – bütün bunlar fəaliyyətin imitasiyasıdır. Münaqişənin həlli istiqamətində real fəaliyyət yoxdur. Ona görə ki, Rusiya üçün bu münaqişə sərfəlidir.
“Rusiya özü bu münaqişəni alovlandırıb, özü bütün tərəfləri silahlandırıb, sonra elə özü də onu dondurub və bütün təşəbbüsü ələ alıb. Birgə Rusiya-Ermənistan ordusunun yaradılmasıyla Rusiya erməni cəmiyyətinə başa salmağa çalışıb ki, onun bütün qanunsuz işğalçı fəaliyyətinin zəmanətçisidir”, – deyə Əlizadə qeyd edib.
Politoloq onu da əlavə edib ki, Rusiya bundan sonra da Ermənistanın Qarabağdakı quldurluğunu müdafiə edəcək.
“Ən əsası odur ki, Rusiya ermənilərə deyir: “Qorxmayın, ayaqqabılarımızı öpün və biz sizi bundan sonra da Azərbaycandan qoruyacayıq. Digər tərəfdən Rusiya Azərbaycana silah satacaq, lakin bu silahdan istifadə olunmayacaq. Çünki birləşmiş ordu var. Bu, siyasi oyundur. Və bu oyun getdikcə Ermənistanı Rusiyanın daha çox nökərinə çevirir”.