Ermənistan hakimiyyəti sülhü SABOTAJ EDİR – Radikallara “yaşı işıq” YANDIRILDI

media-hightechnic-468x90

“Ermənistanda revanşist qüvvələrin və radikal dairələrin yenidən fəallaşması, təbii ki, ilk növbədə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ciddi zərbə vurur. Üstəlik, bu qruplaşmaların, yəni radikalların məqsədyönlü şəkildə idarə olunması Cənubi Qafqazda sülh və təhlükəsizliyə qarşı yönəlmiş bir təxribat xarakteri daşıyır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

media-trend_sahil_kerimli_main_260320_7

Siyasi təhlilçi son günlər Ermənistanda fəallaşan radikal qrupların Azərbaycanla şərti sərhədə toplaşması, habelə Paşinyan hakimiyyətinə qarşı təhdidyönlü çıxışlar etməsinin siyasi səbəblərini izah edib.

S. Kərimlinin fikrincə, aydındır ki, Ermənistandakı revanşist və radikal qüvvələr həm xarici mərkəzlər, həm də birbaşa mövcud hakimiyyət tərəfindən idarə olunur:

“Əsas məqsəd isə Azərbaycanın irəli sürdüyü haqlı və ədalətli təklifləri qəbul etməmək, onlardan yayınmaqdır. Bu gün açıq-aşkar görünür ki, Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqe nümayiş etdirir. Xüsusilə Azərbaycanın təklif etdiyi konstitusiya dəyişiklikləri, ATƏT-in Minsk qrupunun ləğv edilməsi və bu qurumun vasitəçiliyindən imtina kimi məsələlərə qarşı Ermənistan tərəfi hələ də müqavimət göstərir”.

Onun sözlərinə görə, revanşistlərin həyata keçirdiyi təxribat xarakterli fəaliyyətlər və Ermənistanda müşahidə olunan mənfi meyllər hazırkı Paşinyan hakimiyyəti tərəfindən nə qanunla cəzalandırılır, nə də qarşısı alınır:

“Ermənistan hakimiyyəti bu proseslərə sadəcə göz yumur. Bu isə revanşistlərin fəallaşmasında Paşinyan iqtidarının da maraqlı olduğunu göstərir. Xüsusilə də bir neçə gün əvvəl Almaniyada, ayaqüstü də olsa, Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında müəyyən təmaslar baş verdi. Prezident İlham Əliyev bu tədbirdə iştirak edən Avropa liderlərinə də Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini bir daha açıq şəkildə bildirdi. Görünür, Paşinyan bu sərt və haqlı mövqe qarşısında duruş gətirə bilmir. Əvəzində isə Ermənistandakı radikal və revanşist qüvvələrin dəstəklənməsi, onların təxribatlara cəlb olunaraq idarə olunması baş verir”.

Analitik yekunda söyləyib ki, Paşinyanın özü də bu prosesdə maraqlıdır:

“Məqsəd isə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi qarşısında Ermənistanın dirəniş göstərməsidir. Məhz bu səbəbdən revanşist dairələr yenidən fəallaşdırılır və Ermənistan hakimiyyəti hələ də qeyri-konstruktiv siyasət yürütməkdə davam edir. Bu isə Ermənistan üçün heç bir yaxşı nəticə vəd etmir. Ermənistan Azərbaycanın təkliflərini qəbul edib həyata keçirmədikcə, Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi maneələr və təhdidlər qalmaqda davam edəcək”.

Rafi Müslümov

 

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600