!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan sülhə razılıq verməsə, irimiqyaslı hərbi əməliyyatlar labüddür" - Elman Nəsirov

!Reklam – Yazi

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilmiş “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə qeyd edilir ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi münaqişəyə keçə bilər.

Qeyd edək ki, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi üzündən münaqişə ətrafında vəziyyət günü-gündən daha da gərginləşir. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi fonunda aydın məsələdir ki, gərginlik səngiməyəcək, əksinə daha da kəskinləşəcək. Bu mənada prosesləri dəyərləndirən ABŞ Milli Kəşfiyyat Agentliyinin gəldiyi nəticəyə görə, cari ildə münaqişə ətrafında yaşanan proseslər irimiqyaslı hərbi əməliyyatlara keçə bilər.

Görəsən bu xəbərdarlıq nə dərəcədə reallığı əks etdirir?

Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında bildirdi ki, Ermənistanın ipə-sapa yatmaması münaqişə ətrafında vəziyyətin getdikcə daha da gərginləşərək, irimiqyaslı hərbi əməliyyatlara keçməsi ehtimalını istər-istəməz artırır:

“Hesab edirəm ki, Amerika Milli Kəşfiyyat Agentliyinin sözügedən həyəcan təbili ilk növbədə Ermənistana ünvanlanmalıdır. Azərbaycan münaqişənin həllilə bağlı sülhpərvər siyasətinə sadiqdir. Eyni zamanda, Azərbaycan prezident də dəfələrlə qeyd edib ki, bizim də səbrimizin bir hüdudu var. Aprel döyüşləri isə bu münaqişəni dondurulmuş sayanlara kökündən yanıldıqlarını göstərdi.

Yəni konflikt dondurulmuş deyil, hər bir zaman, istənilən vaxt hərbi əməliyyatlar başlana bilər. Buna heç kim təminat vermir. Aprel döyüşlərinin ən mühüm dərslərindən biri məhz bu oldu. Məsələyə bu kontekstdən yanaşdıqda, münaqişənin süni şəkildə uzadılması, Ermənistanın yürütdüyü qeyri-konstruktiv mövqeyinə qarşı beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupunun konkret və sərt tədbirlər görməməsi nəticə etibarı ilə konfliktin uzanmasına gətirib çıxarır. Münaqişənin uzanmaqda davam etməsi isə təhlükəli bir tendensiyanı, müharibənin yaxınlaşmasını sürətləndirir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ermənistan və onun himayədarları həmin hesabatdan nəticə çıxartmalıdır, əks təqdirdə, istənilən halda müharibə başlaya bilər. Münaqişənin doğrudan da sülh yolu ilə həllini istəyirlərsə, daha konkret addımlar atmaq və Ermənistanı sülhə məcbur etmək lazımdır. Əks təqdirdə, hadisələr arzuolunmaz ssenari üzrə inkişaf edər və irimiqyaslı hərbi əməliyyatların başlaması labüd olar. Bunun da bütün məsuliyyəti Ermənistanın, ona havadarlıq edənlərin, beynəlxalq ictimaiyyətin, ən çox da ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin üzərinə düşəcək. Çünki onlar yaranmış şəraiti öncədən görüb işğala son qoymaq üçün adekvat tədbirlər görmədikdə bunlar baş verəcək. Hesab edirəm ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin həmin məruzəsini Ermənistan tərəfi ciddi bir siqnal kimi qəbul etməlidir”.

ELÇİN

COP29

www.yenicag.az

1933
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv