Ermənistan üçün həlledici MƏQAM: "Öhdəlik götürməkdən başqa yol yoxdur”
“Ermənistan bununla bağlı üzərinə öhdəlik götürməlidir.”
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, ABŞ-da Azərbaycanla Ermənistan arasında yüksək ehtimalla imzalanacağı gözlənilən sülh sazişi barədə fikirlərini bölüşüb.
Deputat bildirib ki, hələlik gözləmək və bu kimi məsələlərdə yalnız rəsmi mənbələrə istinad etmək lazımdır:
“Hazırda bu barədə rəsmi məlumat yoxdur. Lakin əgər belə bir görüş baş tutarsa, çərçivə sazişinin imzalanması mümkündür. Çünki Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı xüsusi komissiya yaradılıb. Təbii ki, Ermənistan bu istiqamətdə üzərinə öhdəlik götürməlidir.
Görüşdə hər hansı ilkin razılaşmanın əldə edilməsi də mümkündür. Ancaq bunların hər biri hələlik fərziyyədir. Rəsmi məlumatlar təsdiqləndikdən sonra nəticələrlə bağlı dəqiq və əsaslı fikir bildirmək mümkün olacaq.
Eyni zamanda, proseslərin gedişi və tərəflərin mövqeləri də mühüm rol oynayır. Həm hər iki ölkənin ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət bu məsələyə böyük diqqət yetirir. Qarşılıqlı etimadın bərpası vacib şərtdir. Ümid edirik ki, yaxın zamanda daha aydın və konkret addımlar atılacaq”, – deyə deputat əlavə edib.
Nəsimi Ələsgərli