Ermənistanda siyasi repressiyalar GÜCLƏNİR: Paşinyan yeni göstəriş VERDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinə qarşı artan narazılıq fonunda hüquq-mühafizə orqanlarına siyasi rəqiblərə qarşı təzyiqləri gücləndirməyi tapşırıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.
Məlumata görə, Paşinyan son günlərdə keçirilən qapalı müşavirələrdə hüquq-mühafizə orqanlarına xüsusi göstəriş verib. Tapşırığa əsasən, onun hakimiyyətinə qarşı çıxan şəxslərə qarşı yeni cinayət işlərinin açılması və mövcud işlərin “gücləndirilməsi” istənilib.
İddialara görə, təzyiqlərin əsas hədəflərindən biri keçmiş müdafiə naziri Arşak Karapetyandır. Son dövrlər sərt bəyanatlarla çıxış edən sabiq nazirə qarşı yeni cinayət işlərinin başlanması nəzərdə tutulur. Hüquq-mühafizə orqanlarına onun həm keçmiş fəaliyyəti, həm də indiki siyasi aktivliyi ilə bağlı hüquqi əsaslar hazırlanması tapşırılıb.
Digər hədəf isə “Taşir” qrupunun rəhbəri, erməni əsilli rusiyalı tanınmış iş adamı Samvel Karapetyandır. Paşinyan hökumətinin ona qarşı açılmış cinayət işinin zəif sübutlara əsaslandığını nəzərə alaraq, işin genişləndirilməsi və yeni ittihamların irəli sürülməsini tələb etdiyi bildirilir.
Erməni siyasi analitiklər hesab edirlər ki, dövlət institutlarının siyasi sifarişlərlə hərəkət etməsi və hüquq sisteminin siyasi mübarizə vasitəsinə çevrilməsi ölkədə hüquqi sabitliyə və vətəndaş etimadına ciddi zərbə vura bilər. Ekspertlərin fikrincə, Paşinyanın bu addımları ölkədə siyasi vəziyyəti daha da gərginləşdirə və yeni etiraz dalğalarına yol aça bilər.
Rafi Müslümov