“Ermənistanın fəaliyyəti, …”
“Ermənistan dövlətinin bütün fəaliyyəti beynəlxalq hüquq prinsiplərinə ziddir. Bu prinsipləri qoruyan dövlətlər bu ölkəni beynəlxalq aləmdən təcrid etməlidirlər”.
Bunu açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor Elman Nəsirov bildirib.
Ermənistan ordusu tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı qondarma məhkəmə işinin təşkil olunacağı ilə bağlı məsələyə münasibətini açıqlayan politoloq qeyd edib ki, bu məhkəmə siyasi şou yaratmaq xarakteri daşıyır: “Bu, beynəlxalq hüquq normalarına qarşı həqarətli yanaşmadır. Rəsmi Bakı bu məhkəmənin keçirilməsini növbəti dəfə beynəlxalq hüququn pozulması kimi dəyərləndirməlidir. İrəvanın prezidentlərin Paris görüşü ərəfəsində belə addım atması göstərir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bununla da onlar münaqişə ilə bağlı danışıqlar prosesinə kölgə salmaq və indiki status–kvotanın qorunub saxlanılmasına nail olmağa çalışırlar”.
E.Nəsirovun sözlərinə görə, Azərbaycan bu məsələ ilə bağlı təkcə ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, həm də AŞPA çərçivəsində fəaliyətini gücləndirməlidir: “Rəsmi Bakı bu faktdan istifadə edərək, bu qurumda Ermənistana qarşı sanksiyaların tətbiqi üçün fəaliyyətini daha da gücləndirməlidir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bu məsələni diqqətdə saxlamalı və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığı üçün, öz tərəfdaşlarına qondarma məhkəmə prosesi ilə bağlı ətraflı məlumat verməlidir. Hətta xarici ölkələrdəki səfirliklərimiz və diaspor təşkilatlatlarımız bu məsələ ilə bağlı daha fəa addımlar atmalıdırlar”.