“İran kimi geniş imkanları olan bir ölkə hələ də nüvə silahı hazırlaya bilməyib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın nüvə silahına malik olmasına dair iddialara münasibət bildirən polkovnik Şair Ramaldanov deyib.
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Polşanın Krınitse şəhərində təşkil edilən beynəlxalq forum çərçivəsində haqqın.az-ın müxbiri ilə söhbətində ölkəsinin nüvə dövləti olduğunu bildirib.
Sabiq baş nazir iddia edib ki, Ermənistan ötən əsrin 70-ci illərindən etibarən (hələ sovet dövründən) nüvə silahına malikdir.
Baqratyan jurnalistin sualına cavabında bu bəyanatından sonra Ermənistanın Şimali Koreya kimi beynəlxalq sanksiyalara məruz qalmaq ehtimalına da toxunub. Baqratyan ölkəsinin nüvə silahı əldə etməsini “Azərbaycandan qorunmaq zərurəti” ilə “izah” edib. Keçmiş baş nazir həmin fikirləri “söz xatirinə demədiyini” vurğulayıb.
Lakin Baqratyan bu iddiasının ciddiliyində nə qədər təkid etsə də, onun söylədikləri Azərbaycanda ironik reaksiya doğurub.
Bu barədə Yenicag.az-a danışan keçmiş korpus komandiri, polkovnik Şair Ramaldanov bildirib ki, Baqratyanın bu sərsəm iddiası onun gündəmə gəlmək cəhdindən başqa bir şey deyildi:
“Suala elə birbaşa cavab vermək istərdim ki, Ermənistanın nüvə silahına malik olması barədə iddia gülüncdür. Ermənistan kimi bir ölkənin nüvə silahı əldə etməsi və ona lazımi səviyyədə qulluq göstərməsi mümkün deyil. O baxmdan, Ermənistanın keçmiş baş nazirinin bu barədə fikir səsləndirməsi açıq-aşkar uydurmadır.
Özünüz də baxın, hazırda dünyada neçə nüvə dövləti var? İran kimi geniş imkanları olan bir ölkə 10 illərdir, ciddi səy göstərməsinə baxmayaraq, hələ də nüvə silahı hazırlaya bilməyib.
Digər tərəfdən, bildiyiniz kimi dünyanın əsas dövlətləri nüvə silahının yayılmaması məsələsinə olduqca ciddi yanaşırlar. Yəni beynəlxalq şərtlər də Ermənistanın nüvə silahı əldə etməsinə imkan vermir. Ola bilər ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında nüvə başlıqları yerləşdirilib. Lakin o silahlar əlbəttə ki, Ermənistanın deyil.
Bu baxımdan, Ermənistanın keçmiş baş nazirinin dedikləri o qədər qeyri-ciddidir ki, ona reaksiya vermək belə artıqdır. Həmin şəxs hazırda vəzifədə olsaydı, yəqin ki, heç vaxt belə danışmazdı. Ancaq indi vəzifədə deyil və özünü gündəmə gətirmək üçün bu cür sərsəm iddialar irəli sürür”.
A.Zeynalov
www.yenicag.az