“Rusiya Əsədə sığınacaq verərək Suriya siyasəti üçün müəyyən hesablamalar aparıb”.
Bunu Yenicag.az-a açıqlamasında devrilən Suriya prezidenti Bəşər Əsədin niyə İranı yox, Rusiyanı seçdiyi barədə fikirlərini səsləndirən politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, belə bir addım atılmasının konkret səbəbləri mövcuddur:
“İlk olaraq, nəzərə almaq lazımdır ki, Əsədin Qərblə müəyyən razılaşmaları var idi. Belə ki, o, hakimiyyətinin qorunması qarantının verildiyi təqdirdə, İranın Suriyadan çıxarılması məsələsində Qərblə danışıqlar aparıb. Nəticə etibarilə bu, İranın Əsədə münasibətində soyuqluğa səbəb oldu. Ən azından baş verən proseslərdən sonra İran mediasının yaydığı məlumatlar bunu deməyə əsas verir”.
“HƏMAS liderinin öldürülməsi fonunda Əsədin İrana üz tutması onun təhlükəsizliyinə təhdid idi. Həmçinin İran Suriyadakı yeni hakimiyyətlə təmas yaratmaq baxımından belə addım atmalı idi. Çünki Əsədin İranda sığınacaq tapması yeni Suriya hökuməti ilə perspektivləri aşağı salır. Rusiya isə tam əksinə, Əsədə sığınacaq verərək Suriya siyasəti üçün müəyyən hesablamalar aparıb. Yəni müxaliflər Əsəddən kart kimi istifadə edə bilər. Müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” bəyanatı kontekstini yalnız belə qiymətləndirmək olar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az