Əsl aparıcı necə olmalıdır? – Elçin Əlibəyli yeni kitabında onlardan bəhs etdi
Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü, peşəkar televiziya mütəxəssisi Elçin Əlibəylinin sayca 8-ci kitabı – “Aparıcı televiziya və sosial mediada” işıq üzü görüb.
Yenicag.az-a açıqlama verən Elçin Əlibəyli monoqrafiyanın metamodernizm dövründə televiziya aparıcısı və sosial media siması fenomeninin elmi-nəzəri və analitik təhlilinə həsr olunduğunu bildirib:
“Tədqiqatda televiziya aparıcısı yalnız klassik media institutunun nümayəndəsi kimi deyil, sosial media siması ilə paralel və qarşılıqlı təsir şəraitində formalaşan çoxlaylı performativ subyekt kimi nəzərdən keçirilir. Müasir media mühitində aparıcı obrazının transformasiyası televiziya və internet mediasının struktur fərqləri, kommunikativ mexanizmləri və alqoritmik təsirləri kontekstində araşdırılır.
Əsərdə aparıcının performansı yalnız nitq texnikası və davranış modeli ilə məhdudlaşdırılmır. Aparıcılıq burada mədəni, fəlsəfi və kommunikativ fenomen kimi şərh olunur. Metamodern yanaşma çərçivəsində aparıcının identiklik quruculuğu, tamaşaçı ilə münasibət formaları, inam və nüfuz mexanizmləri, emosional və simvolik təsir imkanları sistemli şəkildə təhlil edilir. Televiziya aparıcısı ilə sosial media siması arasında yaranan hibrid model yeni dövr mediasında performansın əsas göstəricilərindən biri kimi əsaslandırılır”.
“Tədqiqatın əsas istiqamətlərindən biri televiziya aparıcılığı institutunun rəqəmsal transformasiya şəraitində keçirdiyi dəyişikliklərin araşdırılmasıdır”, – deyən müəllif, ənənəvi televiziya yayımında formalaşmış aparıcı modelinin artıq yalnız efir məkanında deyil, eyni zamanda sosial şəbəkələrdə, rəqəmsal platformalarda və interaktiv kommunikasiya mühitində fəaliyyət göstərən çoxfunksiyalı media subyekti kimi çıxış etdiyini vurğulayıb. O qeyd edib ki, aparıcı bu baxımdan həm informasiya ötürücüsü, həm performativ obraz, həm də auditoriya ilə emosional əlaqə yaradan simvolik media fiquru kimi təhlil edilir:
“Monoqrafiyada metamodernizm dövrünün media estetikasına, hibrid kommunikasiya modellərinə və rəqəmsal mədəniyyətin yaratdığı yeni identiklik formalarına xüsusi diqqət yetirilir. Sosial media platformalarının alqoritmik strukturu, izləyici davranışları və rəqəmsal nüfuz mexanizmləri aparıcılıq fenomeninin transformasiyasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Bu kontekstdə televiziya aparıcısı ilə sosial media influenseri arasında sərhədlərin zəifləməsi, onların funksional və estetik yaxınlaşması ayrıca araşdırma predmeti kimi təqdim olunur.
Tədqiqatın elmi yeniliyi televiziya aparıcısı və sosial media simasının vahid analitik model daxilində təqdim olunması, aparıcılıq sənətkarlığının metamodern performans meyarları əsasında qiymətləndirilməsi və yeni media reallığında aparıcılıq institutunun gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Əsərdə media nəzəriyyəsi, rəqəmsal etnoqrafiya, media antropologiyası, televiziya araşdırmaları, yeni media və kulturologiya istiqamətləri inteqrativ metodoloji yanaşma çərçivəsində birləşdirilir”.
Müəllifin sözlərinə görə, monoqrafiya media nəzəriyyəsi, televiziyaşünaslıq, rəqəmsal etnoqrafiya, media antropologiyası və yeni media araşdırmaları sahəsində aparılan elmi tədqiqatlar üçün nəzəri-metodoloji baza formalaşdırır. Eyni zamanda, əsər müasir media mühitində aparıcı fenomeninin, onun sosial və mədəni funksiyalarının, performativ xarakterinin və auditoriya ilə münasibətlər sisteminin daha dərindən dərk olunmasına töhfə verir.
Qeyd edək ki, kitabın elmi rəyçiləri filologiya elmləri doktoru Qulu Məhərrəmli və filologiya elmləri doktoru, professor Cahangir Məmmədlidir.
Cəvahir













