Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo hesab edir ki, Rusiya təcavüzkar kimi məqsədinə çatıb və dünyaya başqa bir dövlətin ərazisini işğal etməyin “normal” olduğu barədə siqnal göndərib.
Yenicag.az xəbər verir ki, A. Merilo bunu “Delfi” portalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiya qonşu ölkənin ərazisini işğal edərək dünyaya açıq siqnal verdi ki, bu, normaldır və danışıqlar nəticəsində bu ərazinin, böyük ehtimalla, bir müddət Rusiya Federasiyasının tərkibində qalacağı gözlənilir.
Merilo hesab edir ki, bu, digər dövlətlərə mesajdır ki, onlar da indi köhnə münaqişələri yenidən gündəmə gətirərək və ya qonşularından nəyisə əldə etmək üçün bu vəziyyətdən istifadə edə bilərlər.
“Bu, dünya üzrə təhlükəsizlik arxitekturasını tamamilə dəyişir”, – deyə Estoniya Müdafiə Qüvvələrinin rəhbəri bildirib.
“Rusiyanın başqa yerdə öz strateji məqsədlərinə çatmağa çalışması üçün güclü əsası olacaq, çünki Ukrayna məsələsi Rusiya üçün nə qədər ağır nəticələrə səbəb olsa da, – hansı ki, yüz minlərlə ölü, ağır yaralı və tükənmiş iqtisadiyyat burada mövcuddur – Putin bunu xüsusilə vecinə almır. Bu, dünyada yeni strateji mövqe yaradır və yaxın gələcəkdə onu geri qaytarmaq mümkün olmayacaq”, – deyə Merilo əlavə edib.
O söyləyib ki, əgər Ukraynadakı müharibə dondurulmuş münaqişəyə çevrilərsə, o zaman dünyanın bir çox ölkələri üçün Rusiya qalib olacaq.
Xatırladaq ki, dekabrın 19-da Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb ki, Rusiya ilə müharibənin hazırkı mərhələsinin sonlandırılması Kiyev üçün hərbi əməliyyatların “dondurulması”na bərabər olacaq. Eyni zamanda, Zelenski bildirib ki, əgər Ukraynanın nəzarətində olan ərazilər “NATO çətiri altına” alınarsa, Rusiya ilə müharibəni dondurmağa razı olacaq.
www.yenicag.az