Arıtq bir neçə aydır ki, koronavirus səbəbindən bir çox özəl və dövlət qurumlarının əməkdaşları evdən çalışmaq məcburiyyətində qalıb. Bununla əlaqədar sosial şəbəkələrdə evdən çalışan işçilərə yay məzuniyyətinin verilib-verilməyəcəyi ilə bağlı müzakirələr başlayıb.
Maraqlıdır, qanunvericiliklə bu məsələ hər hansısa formada tənzimlənirmi?
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı açıqlama verib. O bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, işçilər əmək şəraitindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
“Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ var. Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, mülkiyyət növündən asılı olmayaraq, bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq, bəzi məsul vəzifələrdə çalışan işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.
Qeyd edək ki, işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz”.
www.yenicag.az