"Fermerdən birbaşa satış" modeli niyə iflasa uğrayır? – AÇIQLAMA
Bazarlarla marketlər arasında qiymət fərqinin nəzərəçarpacaq dərəcədə azalması istehlakçılar arasında geniş müzakirə mövzusuna çevrilib. Əvvəllər daha ucuz hesab edilən bazarların artıq bu üstünlüyünü itirməsi müxtəlif iqtisadi və struktur amillərlə izah olunur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əvvəllər bazarlarda qiymətlərin daha sərfəli olmasının əsas səbəbi qısa təchizat zənciri və aşağı xərclər idi:
“Fermerdən birbaşa satış, az vergi yükü və aşağı icarə xərcləri bazarlara üstünlük qazandırırdı. Amma son illərdə bu fərq tədricən azalır və qiymətlər marketlərlə bərabərləşir”.
Ekspert bildirib ki, bunun bir neçə iqtisadi və struktur səbəbi var. Onun sözlərinə görə, iri market şəbəkələri tədarük zəncirini daha effektiv quraraq, topdan alış gücü hesabına məhsulu daha ucuz əldə edə bilirlər:
“Onlar logistika və saxlama baxımından daha sistemli işləyir, itkiləri azaldır, bu da qiymətləri aşağı salmağa imkan verir. Eyni zamanda bazarlarda da xərclər artıb – icarə haqları, nəqliyyat, yanacaq və digər əməliyyat xərcləri artıq əvvəlki kimi aşağı deyil”.
Akif Nəsirli əlavə edib ki, bazarlarda “birbaşa fermerdən satış” modeli də zəifləyib:
“Bir çox hallarda eyni vasitəçilər həm bazara, həm də marketlərə məhsul daşıyır. Bu da qiymət fərqini təbii olaraq azaldır. Üstəlik, keyfiyyət standartları və qablaşdırma tələbləri artdıqca bazar satıcılarının da xərcləri yüksəlir”.
Onun fikrincə, rəqabət mühitinin zəifləməsi müəyyən rol oynasa da, əsas səbəb bu deyil:
“Daha çox struktur dəyişikliklər və xərclərin bərabərləşməsi qiymətlərin eyniləşməsinə gətirib çıxarır. Yəni problem təkcə rəqabətin azalması deyil, bazarın ümumi transformasiyasıdır”.
Ekspert mövsümi amilin də vacib rol oynadığını vurğulayıb:
“Mövsüm vaxtı yerli məhsul bol olanda bazarlarda qiymətlər yenidən aşağı düşür, çünki təklif artır və vasitəçi sayı azalır. Mövsümdən kənar dövrdə isə həm bazarlar, həm də marketlər əsasən eyni mənbələrdən – idxaldan və ya iri topdansatış kanallarından asılı olur ki, bu da qiymətləri yaxınlaşdırır”.
Sonda o qeyd edib ki, yaxın perspektivdə qiymət fərqinin müəyyən qədər yenidən formalaşması mümkün olsa da, bu, daha çox mövsümi və lokal xarakter daşıyacaq:
“Uzunmüddətli perspektivdə bazarlarla marketlər arasında kəskin qiymət fərqinin əvvəlki kimi geniş olması ehtimalı azdır. Çünki onların xərcləri və təchizat modelləri getdikcə bir-birinə bənzəyir”.
Samir Məcidov













