“Müsabiqəyə qatılan hər bir iştirakçıya ifasına görə qiymət verilir. Şəxsi münasibət burada rol oynamır”.
Bunu Səkkizinci Televiziya Muğam Müsabiqəsinin münsiflərindən olan Əməkdar artist Fərqanə Qasımova Yenicag.az-a açıqlamasında bildirib.
Sənətçi müsabiqəyə qatılan iştirakçıların ifasına münsiflərin verdikləri balların kənar şəxslər tərəfindən müzakirə olunmasına və birmənalı yanaşılmamasına münasibət bildirərkən belə deyib. O, kənar müdaxilələrə ehtiyac olmadığını deyib:
“Onların heç birinə də fərq qoyulmur, hər biri bizim üçün əziz və doğmadır. Bu iştirakçıların hər birinin ifasına görə həyəcan keçiririk və eyni zamanda, məsuliyyət daşıyırıq.
Əlbəttə, bizi münsif heyətinə layiq bilib təyin edənlər sənətimizə çox böyük etimadla yanaşıblar. Hər bir münsif gələcək tarix üçün böyük məsuliyyət daşıdığının fərqindədir. Mənə elə gəlir ki, kimlərinsə kənardan mənfi rəy verməyinə ehtiyac yoxdur. Müsabiqədə təmsil olunan hər bir kəs öz şəxsi sənət və səhnə təcrübəsindən çıxış edir, onların hər biri illərdir səhnələrdədir, ölkə xarıcində dəfələrlə konsert proqramları ilə ölkəmizi təmsil etmişik. İndiyə qədər keçirilən muğam müsabiqələrində seçilən iştirakçılar göz qabağındadırlar. Onlardan bəziləri fəxri adlara da layiq görülüb. Hər bir ifaçıya ömrü əbədi olan muğam sənətinə öz imzasını atmağı arzu edirəm”.
Cəvahir
www.yenicag.az