FETÖ-yə ordunun qapılarını açan Bülənt Arıncın yeni missiyası: Azərbaycanla Türkiyənin arasını vurmaq istəyir
Bəzilərinin xəmiri xəyanətlə yoğrulur. Nə etsə də, hansı rolu oynasa da, hansı cümləni pərdəyə çevirsə də, o xəmir alnından silinmir. Tarix bəzən insanın dediklərini yox, açdığı qapıları yazır və o qapılardan içəri girənlərin izi sonradan qanla, sirrlə, sükutla görünür.
Kosmik Otaq… Bir dövlətin beyini. Sirlər Xəzinəsi. Oraya girilən gün təkcə bir otağın qapısı açılmadı, türk dövlətinin gizli damarları çılpaq qaldı. O gün “adi prosedur” pərdəsi çəkənlər, bu gün sirrlərin əl dəyişməsinin məsuliyyətindən hansısa peşmanlıqla qaça bilməz.
Bu ölkədə hər kəs bilir: sirr bir dəfə açıldımı, haraya axdığını heç kim təkbaşına idarə edə bilməz. FETÖ həmin dövrdə tək deyildi, onun arxasında CIA vardı, MOSSAD vardı, “MI6” vardı, BND vardı. Sual sadədir: bu axına kim yol verdi? Kim “dərin dövlət”ə qarşı “savaş açıb”, dövlətin qoruyucu reflekslərini söndürdü? O şəxs Bülent Arıncdan başqası deyildi. Milli görüş geyimi altından FETÖ ürəyi daşıyan, övladından kürəkəninə qədər hər yaxını “fətullahçı” olan, ancaq köhnənin hörmətinə “Bülənt abi” adlandırılan, ancaq özünü abi deyil, xain kimi aparan, Ərdoğanı hər fürsətdə arxadan xəncərləyən Bülənt Arınc. Adaşı Bülənt Ərsoy ondan daha dəliqanlıdır…
Türk dövlətini sıradan çıxartmağı hesablayan Ərgənəkon və Balyoz məhkəmələrinin kilid nöqtəsi olan Kosmik otağı açdıran Bülənt Arınc indi peşman olsa, nə dəyişəcək? Gözündəki timsah göz yaşları axan qanların, itirilən türk mövqelərini geri qaytara biləcəkmi?
Hansı qanları?
Kosmik otağa giriş sadə bir istintaq araşdırması deyildi. 70 ildən, bəlkə də, “Təşkilati-Mahsusa”dan bu tərəfə kimsənin əldə edə bilmədiyi bilgilərin xarici agenturanın əlinə keçməsi idi.
Sonra nə oldu?
Sonra adlar yoxa çıxdı.
Sonra səssiz ölümlər danışılmağa başlandı.
Sonra “təsadüf” deyilən ardıcıllıq formalaşdı.
Çünki bu ölkədə çox gizli sahələrdə çalışan isimlərin başına gələnlər “adi tale” ilə izah olunmur. Dövlət sirrini açanın əlində birbaşa silah olmasa da, güllənin yolunu o göstərir. Bəzən öldürən barmaq yox, adres verən dildir.
Arıncın FETÖ məsələsində illərlə seçdiyi “hüsnüzən” dili, PKK mövzusunda sərhədləri aşan rahatlıq, ordunun hədəfə qoyulduğu proseslərdə verdiyi siyasi oksigen – bunların hamısı eyni xəttin davamıdır. Bu xəttin adı sadəlövhlük, bir sonrakı prosesi hesablamamaq deyil. Bu xəttin adı sistemli zərər və xəyanətdir.
Tarix bəzən hökmü belə yazır:
Silahı tutmadın, amma hədəfi göstərdin.
Gülləni sıxmadın, amma yolu sən açdın.
Burada bir hekayənin yeri var. Rəvayətə görə, Yavuz Sultan Səlim quş bazarında kəkliklərin satıldığını görür. Digər kəkliklər ucuz, bir kəklik isə çox bahadır. Satıcı izah edir ki, bu kəklik xüsusi öyrədilib, səsi ilə digər kəklikləri öz ətrafına yığır və ovçular onların hamısını rahat ovlayır. Yavuz bu kəkliyi alır və dərhal öldürür. Səbəbini isə belə izah edir: öz irqini aldadaraq düşmənə xidmət edənin aqibəti xəyanətdir və sonu ölümdür.
Hekayə xəyanətin gec-tez cəzasız qalmayacağını, öz soyuna və davasına xəyanət edənlərin bir gün mütləq haqq-hesab verəcəyini vurğulayan simvolik ibrət dərsidir. Görünən odur ki, FETÖ kəkliyi Bülənt Arıncdan bu günə qədər haqq-hesab soruşulmadığı üçün çox rahat davranır.
Dünən türk ordusunu hədəf göstərən Bülənt Arınc yeni missiya ilə qarşımızdadır. Bu dəfə Azərbaycan-Türkiyə münasibətlərini hədəf seçib. Bu dəfə Azərbaycanın könlünü bulandırmaq istəyir türk iqtidarının “Bülənt abisi” olaraq… FETÖ-yə yenidən xidmət üçün bu yolu seçib və ya bu vəzifəni öz üzərinə götürüb. Ancaq unutduğu bir məqam var:
Azərbaycanın müzəffər liderinə söz deməyə sizin çapınız da yetməz, həddiniz də…
Get, başqa qapıda oyna…
Aqil Ələsgər












