İranın “Maliki kartı” və ya ABŞ-yə İraq üzərindən mesaj

media-hightechnic-468x90

“İran və müqavimət oxu, İraqda Maliki və Koordinasiya Çərçivəsi olduğu müddətcə əbədidir”. Bu sözlərlə Nuri əl-Malikinin rəhbərlik etdiyi İslami Dəvət Partiyası İranın ali rəhbəri Əli Xameneiyə, Malikinin yenidən baş nazirliyə namizədliyini dəstəklədiyinə görə təşəkkür edib.

Şiə partiyalarından ibarət və İraq parlamentində çoxluğa malik olan “Koordinasiya Çərçivəsi” sabiq baş nazir Nuri əl-Malikinin yenidən bu posta namizədliyini təsdiqləyib. Maliki 2006–2014-cü illərdə iki müddət baş nazir olub, 2014–2018-ci illərdə isə iki dəfə vitse-prezident vəzifəsini tutub. O, eyni zamanda, İranın təsiri ilə formalaşmış “dərin İraq dövləti”nin əsas fiqurlarından biri sayılır.

Tehran nəyi hesablayır?

Tehranın Malikini dəstəkləməsi açıq siyasi məqsədlərə xidmət edir. İran hazırda ABŞ-nin artan təzyiqləri ilə üz-üzədir. Bu təzyiqlər təkcə iqtisadi sanksiyalarla məhdudlaşmır, eyni zamanda, neft qaçaqmalçılığı yollarının bağlanması və regiondakı İran təsirinin zəiflədilməsi cəhdlərini də əhatə edir. Məqsəd İranı regional cəhətdən təcrid olunmuş vəziyyətə salmaqdır.

Maliki də anlayır ki, onun namizədliyi, əslində, yeni bir İran manevridir və bu addımla Tehran hələ də İraq üzərində söz sahibi olduğunu göstərməyə çalışır.

İraqda ABŞ–İran qarşıdurması və iqtisadi planlar

Vaşinqtonun məqsədi isə İran rejimini devirməkdən çox, onun regiondakı rolunu məhdudlaşdırmaqdır. Bu yanaşma ABŞ-nin Yaxın Şərqdə yeni iqtisadi layihələrini irəli sürməsi ilə paralel gedir. Qəzza üçün “Şərqin Rivyerası”, Cənubi Livanda “Tramp iqtisadi zonası”, eləcə də Çinlə rəqabət aparacaq Hindistan iqtisadi dəhlizi bu strategiyanın tərkib hissəsidir.

Bu fonda İran da, öz növbəsində, regional kartlarını masaya qoyur. Təsadüfi deyil ki, İraqdakı İrana yaxın silahlı qruplar Malikini namizəd irəli sürdüyü günlərdə, Hizbullahın baş katibi Nəim Qasim Livanda Xameneinin və İran rejiminin müdafiəsini öz üzərinə götürdüyünü açıqlayıb.

İraq yenidən risk altındadır

İran Malikinin namizədliyini İraqı yenidən xaosa sürükləyəcək əlavə təzyiq aləti kimi görür. Artıq ölkədə vəziyyət gərgindir. “İŞİD”in yenidən fəallaşması, Suriyada “SDG”nin təşkilat üzvlərini azad etməsi, həmçinin Malikinin namizədliyinə qarşı sünni–şiə gərginliyinin artması təhlükəli mənzərə yaradır.

ABŞ-nin keçmiş prezidenti Donald Trump da “Truth Social” platformasında yazdığı paylaşımda bu təhlükəyə diqqət çəkib. O bildirib ki, Malikinin əvvəlki hakimiyyəti dövründə İraq yoxsulluq və xaosa sürüklənmişdi və buna yenidən imkan verilməməlidir.

Region ölkələri nə düşünür?

Hazırkı mərhələ diplomatik “ip dartma” dövrü kimi xarakterizə olunur. Region ölkələri müharibənin qarşısını almağa çalışır. İran Prezidenti Məsud Pezeşkian üçün Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın İranın vurulması üçün öz ölkəsinin hava məkanından istifadə edilməsinə qarşı çıxması mühüm mesaj idi. Bənzər mövqe BƏƏ, Qətər və Türkiyə tərəfindən də sərgilənib.

Bütün bunlara baxmayaraq, İranın bu manevrinin uğursuz olacağı qənaəti güclüdür. Malikinin baş nazir postuna qayıtmasına həm ABŞ, həm də İraq daxilindəki müxtəlif siyasi və etnik qrupların ciddi etirazı var. Bu səbəbdən onun İran–ABŞ qarşıdurmasında real danışıqlar kartına çevrilməsi çətin görünür.

İndi əsas sual budur: İran yaxın dövrdə hansısa yeni kartları masaya qoyacaq, yoxsa ABŞ regionda daha sərt – hərbi ritorikaya keçəcək?

“Yeni Çağ” Təhlil Qrupu

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05