!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Fətullah Gülən də o cür ağlayır" - Fazil Mustafadan Elşad İskəndərova ağır cavab

!Reklam – Yazi

“Kimlərinsə bu ölkəni qonşu dövlətin platsdarmına çevirmələrinə imkan verə bilmərik”.

Bu fikirləri Yenicag.az -a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovun ittihamlarına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Milli Məclisin deputatı Fazil Mustafa Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri, vəzifədən azad edildikdən sonra uzun müddət “pərdə arxası”nda qalan Elşad İskəndərovun virtual hücumuna məruz qalıb.

İskəndərov həm sosial şəbəkələrdə, həm də mediada Mustafanı milli dəyərlərə sayğısızlıqda ittiham edən fikirlər səsləndirməkdədir. Millət vəkili isə öz növbəsində İskəndərovu və onun mənsub olduğu şəbəkəni qonşu İranın maraqlarına uyğun fəaliyyətdə günahlandırıb.

Bu barədə Yenicag.az-a danışan Fazil Mustafa heç kəsin dini inancına toxunmadığını deyərək, qarşı tərəfi kənar ideologiyanı Azərbaycanda yaymaq cəhdində suçlayıb:

“Öncə onu deyim ki, bizə hücum etməyə çalışan Elşad İskəndərov xaricdən idarə olunan məlum şəbəkənin uzantısıdır. Hamı bilir ki, mən heç kəsin adətinə, inancına qarışmıram. Demişəm ki, təziyələri çığıraraq-bağıraraq keçirmək dini hörmətdən salır. Bunu nəzərdə tutmuşam ki, sakit ağlamaq, sakit ibadət etmək lazımdır.

Ancaq onlar birdən-birə ajiotaj qaldırdılar ki, bizim inancımıza toxunulub. Sözlərimdə inanca toxunan heç nə yoxdur axı… Hər kəs öz inancında sərbəstdir. Biz sadəcə olaraq, inancın cəmiyyətə göstərdiyi psixoloji təzyiqə etiraz eləmişik. Yəni bunu öz çevrənizdə edin, cəmiyyətə yaymayın. Bu cəmiyyətin dəyərləri başqadır, biz dünyəvi dövlətik. Axı bu forma – ağlamaq, sızlamaq, özünü öldürmək İslamda da yoxdur.

Onlar da belə bir vəziyyətdə dediyim kimi ajiotaj yaratdılar. Kənardan, qonşu dövlətdən idarə olunan bir şəbəkədir və bunlar da onların elementləridirlər. Diqqət edin, bu adam (Elşad İskəndərov – red.) iki ildir, heç bir məsələyə münasibət bildirmirdi, heç nəyə qarışmırdı. Dünya dağılır, türkmanlar qətl edilir, minlərlə müsəlman qırılır, ancaq bu adam səsini çıxarmır.

Lakin Kolumbiya Universitetini bitirmiş bu adam birdən-birə ortaya çıxdı və əzadarlığa bəraət qazandıran, dahilərimizin mərsiyə janrında yazdıqlarını ən dəyərli əsərlər kimi göstərən bir status paylaşdı. O statusda mənim adım çəkilməsə də, şərh yazanların hamısı məni söyür. Bu da yönləndirici bir üsuldur. Biz də göstərdik ki, bu, təsadüfi deyil. İnsan dəhşətə gəlir, təsəvvür edin ki, Kolumbiya Universitetində magistr təhsili almış, dini komitəyə rəhbərlik etmiş adam həm də bu şəbəkənin Azərbaycanda yerləşməsində rolu olan şəxslərdən biridir.

O adamı Türkiyədəki məlum təriqətlərlə əlaqələndirsələr də, əsas mahiyyət buradan başlayır. Nəzərdə tutduğum həmin şəbəkə də bura ilə bağlıdır. Fikir verirsinizsə, Fətullah Gülən də o cür ağlayır… Aralarında fərq yoxdur. Bu, eyni metoddur. Sadəcə, hərəsi bir şeyə ağlayır.

Ona görə də, biz bu məsələləri açıqlayanda, böhtanla, şərlə üzərimizə gəlməyə çalışırlar. Ancaq biz kimlərinsə bu ölkədə din adı altında cəhaləti yaymasına, buranı qonşu ölkənin platsdarmına çevirməsinə imkan verə bilmərik. Onda da yazdım ki, “başqasının qumunda yetişmiş dibçək çiçəkləri” öz ideologiyalarını Azərbaycana gətirə bilməzlər, biz buna yol verməməliyik. Nadanları, cahilləri qoyuram kənara, ancaq cəmiyyətin düşünən hissəsi buna imkan verə bilməz. Yəni belə bir yanaşmamız oldu.

O da guya qabaqlayıcı tərzdə bizə cavab verdi. Əslində, o yazını özünün yazdığına inanmıram, çünki onun yazmaq qabiliyyəti yoxdur. Araşdırmışam ki, onun bir dənə də əsəri yoxdur. Bu baxımdan, onun həmin yanaşması tapşırıqla gələn bir mövqedir. Ancaq bu məsələdə o, tək deyil. Eyni zamanda, Rusiyada İlqar Kamil, Türkiyədə Səlahəddin Özgündüz kimi şəxsləri də həmin metodlarla hərəkətə gətirirlər ki, bizə cavab versinlər. Lakin onlar bizə cavab verəcək gücdə və səviyyədə deyillər. Bəlkə də düşünürlər ki, qarşılarındakı adama bir söz deyən kimi, geri çəkiləcək.

Buna Azərbaycanın milli təhlükəsizlik məsələsi olaraq, baxıram. Mənim heç kimin təriqəti və inancı ilə işim yoxdur, hər kəs getsin evində, məsciddə ibadəti ilə məşğul olsun. Amma bunu ideologiyaya çevirmək Azərbaycanı başqa dövlətlərin platsdarmına döndərmək anlamına gəlir. Buna isə nə Azərbaycan dövləti, nə də ziyalılar yol verməz”.

A.Zeynalov

COP29

www.yenicag.az

2360
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv