“Aparıcı qəşəng bilir, hansı müğənninin qalmaqaldan xoşu gəlir və kimə hansı sualı vermək lazımdır. Çox vaxt müğənnilər özləri buna şərait yaradırlar”.
Bunu tanınmış müğənni Eldəniz Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Müğənni verilişlərə dəvət olunan və aparıcılar tərəfindən qalmaqallı suallara tuş gələn həmkarları barədə banışıb. O bu məsələdə aparıcıları deyil, müğənniləri qınayıb:
“Elə verilişlər var ki, gündəm yaratmaq naminə aparıcı dəvət olunan sənətçiyə qalmaqallı suallar ünvanlayır. Amma hesab edirəm ki, bu hər kəsə aid deyil. Həmin aparıcılar hər sənətçinin çəkisini, sanbalını yaxşı bilir və bu prizmadan da yanaşaraq sualını verir. Aparıcı qəşəng bilir, hansı sualı hansı müğənniyə vermək lazımdır, hansı müğənninin qalmaqaldan xoşu gəlir. O müğənnilər qalmaqallı sual gözləyir ki, verdiyi cavabın müqabilində gündəmdə qalsın. Açıq deyim ki, belə qalmaqala, dedi-qoduya qaçanların əksəriyyəti sənəti olmayanlardır. Sənəti olan başını aşağı salıb sənəti ilə məşğuldur və sənətini nümayiş etdirir. Sənəti olanlara nə aparıcılar qalmaqallı suallar verir, nə də insanlar tərəfindən həmin müğənnilər iradlara tuş gəlir. Onların sosial şəbəkələrdəki profillərinə baxanda da onlara münasibətin hansı səviyyədə olması aydın şəkildə görünür. Söhbət onların paylaşımlarına yazılan şərhlərdən gedir. Mənim də “Instagram” səhifəm var. Demirəm, tənqidi fikirlər olmur, olur. Amma çox nadir hallarda. Bu da ondan irəli gəlir ki, bir insan hamı tərəfindən bəyənilə bilməz. Amma hələ bir dəfə də olmayıb ki, hansısa paylaşımımın altında təhqiramiz fikirlər, yaxud da qeyri-etik ifadələr yazılsın”.
Cəvahir
www.yenicag.az