Çox istəyərdim ki, onun adını Xalq artisti kimi təqdim edim. Çünki fəxri titullara layiq görülmək onun halalca haqqı idi. Amma nəinki Xalq artisti, Əməkdar artist adına da ona çox gördülər. İstedad, faktura, susmağı ilə də danışmağı bacarardı adam. Axı nəyi əskik idi, bunu hələ də anlaya bilmirəm. Sağlığında ikən haqsızlığa uğrayan aktyora ölümündən sonra da sayğı görmədim. Bir dəfə də olsun, adını anıb tədbir keçirilmir, efirlərdə yad olunmur. Yəni bu kino qurumları belə müqtədir aktyoru yoxluğunda da həzm edə bilmir? Bütün bunlara rəğmən xalqın artisti idi Fazil Salayev, özü də sevilən artisti.
Milli kinomuzda yaddaqalan obrazlar yaradan, bir kəlmə danışmasa da, danışan gözləri ilə sonsuz tamaşaçı sevgisi qazanan Fazil Salayevin bu gün xatirə günüdür.
O Fazil Salayev ki, “Ulduz” filmində müxbir, “Alma almaya bənzər” də “Zontik” Mehdi, “Bizim Cəbiş müəllim” də Mıqqı, “Bir cənub şəhərində” Fazil, “Dərviş Parisi partladır” da Qulaməli, “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd və daha neçə-neçə obrazları ilə adını kino tarixinə əbədi yazmağı bacardı. Hələ daha çox obrazlara can verəcəkdi. Ömrü yarıda qırılmasaydı və 46-cı baharında ona sevincdən çox kədər yaşadan bu dünya ilə vidalaşmasaydı…
O yalnız filmləri ilə sevilmirdi. “Mozalan” satirik kinojurnalında müxtəlif tipajları, bir vaxtlar televiziya ekranlarından maraqla izlənilən “Komediyalar aləminə səyahət” verilişindəki səhnəciklərdə yaddaqalan duzlu, məzəli obrazları ilə də tamaşaçı rəgbəti qazanmışdı.
Gülüş içində faciəni mükəmməlcəsinə göstərməyi bacaran bəlkə də yeganə aktyor idi Salayev. Bunu xüsusilə Qırçı Məhəmməd obrazının timsalında xüsusilə görmək olur.
Amma şanslı aktyor deyildi Salayev. Fəxri titullara layiq görülsün, teatrda və kinoda yuxarı başa keçirilsin, maddi cəhətdən təmin olunsun deyə, bir xoşbəxtliyi yaşamaq nəsibi olmadı. İncidildi, haqsızlıqlara tuş gəldi, hətta günün bir günü bir namərd “tuzağı” ilə illərlə çalışdığı teatrdan kənarlaşdırıldı. Bəlkə elə bu haqsızlığın nəticəsi idi ki, böyük aktyorun taqəti, gücü tükəndi. Dərdini içində çəksə də, gözləri o dərdi gizlədə bilmədi. Həyatı da obrazları kimi göz yaşı içərisində gülüşə döndü. Və günlərin bir günü o gülüş də gözlərində, dodağında donub qaldı.
Hələ həyatının qocalıq mərhələsinə adlamamış 46 yaşında ikən köçünü çəkib getdi. Özü də sevimli qızı Ofeliyanın doğum günündə… Amma hər dəfə yenidən doğulmağı bacardı. Qırçı Məhəmməd, Qulaməli, Mehdi kimi… Nə qədər ki bu filmlər yaşayır, Fazil Salayevin də ömür kitabı yenidən səhifələnir.
Cəvahir
www.yenicag.az