Fransada əsgərlər bıçaqlandı
Hadisə yəhudi məhəlləsində baş verib.
Yenicag.az bildirir ki, Fransanın Nis şəhərində yəhudi icmasının yaşadığı yerdə patrul xidməti həyata keçirən 3 əsgər bıçaqla silahlanmış mühacir tərəfindən hücuma məruz qalıb. Polis bildirib ki, 3 əsgərdən ikisi bıçaq yarası alıb.
Onlardan biri əlindən, digəri isə sifətindən vurulub. Ancaq yaralar ağır deyil. Əsgərlər xəstəxanaya çatdırılıb.Faktla bağlı anti-terror qrupu araşdırmalara başlayıb.
Ötən ay terrorçu Amedi Koulibali yəhudi mağazasına hücumu zamanı 4 nəfəri öldürmüşdü. Elə o vaxtdan da Fransada yəhudi icmasının təhlükəsizliyinə hökumət xüsusi diqqət ayırır. Fransa prezidenti Fransua Olland ölkədə anti-semitizmin yüksəlişindən narahatlığını dilə gətirib və söz verib ki, bu tendensiyanın qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək. Agentlik qeyd edir ki, son illərdə Fransada yəhudilərə qarşı olan hücumlar ikiqat artıb.