Fransadan helikopter bəyanatı
Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpante Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən vurulan Ermənistana məxsus hərbi helikopterlə bağlı bəyanat verib.
Məlumata görə, fransalı diplomat bildirib ki, biz noyabrın 12-də baş vermiş hadisədən təəssüflənir və hadisə zamanı dünyasını dəyişmiş üç erməni hərbi qulluqçusunun ailələrinə, yaxınlarına başsağlığı veririk.
O deyib: “Təəssüf ki, bu hadisə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqları mürəkkəbləşdirə bilər. Mən Fransanın İrəvandakı səfiri kimi, yalnız onu arzulaya bilərəm ki, tərəflər ən yaxın günlərdə və həftələrdə ritorikadan, istənilən fitnəkar hərəkətlərdən, vəziyyətin gərginləşməsindən çəkinsinlər, ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə Soçidə, Nyuporte və Parisdə başlanılmış dinamik dialoqu davam etdirsinlər.
Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub.
Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı “Erebuni” hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. (anspress.com)