“Azərbaycana Yeni Kaledoniya ilə hansısa şəkildə geniş əlaqələrinin olduğu ölkə kimi baxılması və bizə qarşı səslənən ittihamlar məqsədyönlü böhtandır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
Deputat Fransanın Okeaniyadakı dənizaşırı ərazisi sayılan Yeni Kaledoniyada Fransa hakimiyyəti əleyhinə başlanan üsyanlar fonunda bu ölkənin daxili işlər naziri Jerar Darmanenin Azərbaycanı hədəf götürməsindən söz açıb.
Qeyd edək ki, fransalı nazir üsyanların qızışdırılmasında Azərbaycanı ittiham edib.
BQP sədri isə söyləyib ki, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və bu məsələlərdə Azərbaycanın ittiham edilməsi absurddur:
“Yenə qonşu ölkələrlə bağlı olsa idi, yaxud bununla əlaqədar əsaslı fikirlər səsləndirsəydilər, bunu cavablandırmaq olardı. Lakin Jerar Darmanenin sözləri çox absurddur. Uzun illərdir ki, Yeni Kaledoniyada mübarizə gedir və Azərbaycandan öncə də onlar istiqlaliyyətləri uğrunda savaşırdılar. Ona görə də bu cür açıqlamalar mənasız və araqarışdırıcıdır”.
Rafi Müslümov
www.yenicag.az