Mayın 30-da Viktor Mamatuaiahutapunun başçılıq etdiyi Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Milli Məclisdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra parlamentin foyesində Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər Guşəsi barədə qonaqlara məlumat verilib.
Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci müavini, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan dövlətinin beynəlxalq aləmdə neokolonializm siyasətinə qarşı daim barışmaz mövqe nümayiş etdirdiyini bildirib.
Müstəmləkəçiliyə qarşı mübarizənin Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin tərkib hissəsi olduğunu deyən Əli Hüseynli vurğulayıb ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmə qarşı güclü koalisiya yaratmağa, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə dəstək göstərilməsinə nail olub.
Görüşdə Maohi Nuinin fransız müstəmləkəçiliyinə qarşı apardığı ardıcıl mübarizəyə dəstək ifadə olunub, Azərbaycan dövlətinin və xalqının daim bu ölkənin yanında olduğu, onun azadlıq mübarizəsini dəstəklədiyi diqqətə çatdırılıb.
BMT Baş Assambleyasının 2013-cü il 17 may tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnaməsinin Maohi Nui xalqının öz müqəddəratını təyinetmə və müstəqillik əldə etmək hüququnu tanımasını təqdir edən Əli Hüseynli təəssüflə diqqətə çatdırıb ki, beynəlxalq hüquqi mexanizmlər mükəmməl olmadığından, keçmiş və indiki koloniyalar fransız əsarətindən tam azad ola bilmirlər.
Qeyd edilib ki, neokolonializm siyasəti həyata keçirən ölkələrin önündə bu gün Fransa gəlir. Fransa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal siyasətini də yaxından dəstəkləyib. Torpaqlarımızın erməni işğalından azad olunması barədə danışan Əli Hüseynli deyib ki, Vətən müharibəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə münaqişə ilə bağlı BMT TŞ-nin 4 qətnaməsini icra etmiş oldu.
Görüşdə Fransanın müstəmləkəçilik keçmişindən danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Fransa bu gün ikiüzlü siyasət aparmaqla, öz çirkin əməllərini demokratiya, insan hüquqlarının müdafiəsi adı altında ört-basdır etməyə çalışır. O, bir zamanlar Azərbaycanın da işğaldan əziyyət çəkdiyini, ağır məhrumiyyətlərlə üzləşdiyini vurğulayıb. Deyib ki, XXI əsrdə Fransanın müstəmləkəçilik siyasətinə son qoyulmasının vaxtı çoxdan çatıb.
Maohi Nui nümayəndə heyətinin başçısı Viktor Mamatuaiahutapu ölkəmizə səfərini əlamətdar adlandırıb.
Fransanın əsrlər boyu həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində ölkəsində demokratiyanın boğulduğunu, insan hüquqlarının kobud şəkildə pozulduğunu deyən qonaq bildirib ki, Fransa Maohi Nuinin müstəqillik əldə etmək istiqamətində apardığı mübarizəyə əngəllər törətməyə davam edir, dialoqdan qaçır. O qeyd edib ki, Fransa bütün vasitələrlə bu cəhdlərin qarşısını almağa müvəffəq olsa da Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək.
Söhbət zamanı Azərbaycan dövlətinə, onun rəhbərliyinə və xalqına Maohi Nui xalqına göstərdikləri dəstəyə görə dərin təşəkkür bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar, həmçinin geniş fikir mübadiləsi ölkəsinin əsrlərdir məruz qaldığı fransız müstəmləkəçilik siyasətinə qarşı mübarizədə əhəmiyyətli rol oynayacaq.
www.yenicag.az