!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fuad Ələsgərovdan Lapşin açıqlaması: "Onun cəzasını..."

!Reklam – Yazi

“Azərbaycan prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir. Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, A. Lapşin ilə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi – cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq sərəncam imzalayıb”.

Yenicag.az-ın məlumatına görə, bunu müsahibəsində Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib.

“İmzalanmış sərəncamdan sonra Lapşinin İsrailə verilməsi məsələsi hələ də gündəmdədirmi” sualına cavabında F. Ələsgərov bildirib ki, əfv sərəncamından sonra bir sıra KİV-də Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb:

“Lakin burada müəyyən hüquqi anlayışlar qarışdırılır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab prezidentin əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir. Bizdə olan məlumata görə, A. Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər”, – deyə o qeyd edib.

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin həbsdən azad edilməsinə də münasibət bildirən F. Ələsgərov deyib ki, Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib.

“Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub.

Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab prezidentin 2017-ci il 10 fevral tarixli, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.

Qeyd etməliyəm ki, həmin sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur”, – deyə F. Ələsgərov vurğulayıb.

COP29

www.yenicag.az

1420
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv