Fuad Əsgərov: “Məqsəd ölkənin imicinə zərbə vurmaqdır”
ABŞ-da baş vermiş hadisənin əvvəlcədən planlaşdırılmış və açıq-aşkar təxribat xarakteri daşıdığı şübhə doğurmur. Bu addımın əsas məqsədi ölkə başçısının beynəlxalq nüfuzuna xələl gətirmək, eləcə də Azərbaycanın formalaşmış müsbət imicinə kölgə salmaqdır.
Bunu Yenicag.az-a açıqlamasında vətəndaş cəmiyyətinin nümayəndəsi Fuad Əsgərov bildirib.
F. Əsgərov qeyd edib ki, belə cəhdlər dövlətimizin artan beynəlxalq mövqeyinə və son illər ərzində əldə etdiyi tarixi nailiyyətlərə qarşı yönəlmiş məqsədli informasiya manipulyasiyasıdır:
“Yayılmış videomateriallara diqqətlə baxdıqda, ölkə başçısının mühafizəçilərinə qarşı təhqiredici ifadələrin açıq şəkildə səsləndirildiyi müşahidə olunur. Eyni zamanda, görüntülərin müxtəlif rakurslardan, peşəkar və sistemli şəkildə çəkilməsi hadisənin spontan deyil, öncədən hazırlanmış ssenari üzrə həyata keçirildiyini deməyə əsas verir. Bu, qısa zaman kəsiyində baş verən təsadüfi bir insident deyil, müəyyən müddət ərzində planlaşdırılmış təşkilatlanmanın nəticəsidir”.
Ekspert maraqlı bir detala da diqqət çəkib:
“Bəzi şəxslərin idman üslubunda və qolsuz geyimdə olması da təsadüfi deyil. Bu, mümkün fiziki qarşıdurma zamanı yaranacaq xəsarətlərin daha qabarıq və diqqətçəkən görünməsi üçün düşünülmüş bir detaldır. Bütün bu məqamlar baş verən hadisənin məqsədli və planlı təxribat xarakteri daşıdığını bir daha sübut edir”.













