“Gec qalsaq, qarşısıalınmaz problemlər yaranacaq” – Rejissordan AKİ ilə bağlı xəbərdarlıq
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçiriləcək növbəti sədr seçkiləri ərəfəsində gərginlik pik həddə çatıb. İttifaq daxilindəki qruplaşmalar arasında rəqabət açıq müstəviyə keçib.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı rejissor Rza Drakon sosial şəbəkə hesabında ciddi iddialar irəli sürüb.
Rejissor seçki prosesinin pərdəarxası məqamlarına diqqət çəkərək, namizədlərdən biri – Əli İsa Cabbarovla bağlı sərt fikirlər paylaşıb.
R.Drakonun sözlərinə görə, Əli İsa Cabbarovun sədrliyi təsadüfi deyil və onun arxasında “Milyarderlər İttifaqı”nın siyasi maraqları dayanır:
“Əli İsa Cabbarov Rüstəm İbrahimbəyovun ən sadiq adamıdır. O, bir çox həmkarları Rüstəm İbrahimbəyovu tərk etdiyi halda, bütün təzyiqlərə rəğmən onu dəstəkləyib. Həmin dövrdə o, İlham Əliyevin yenidən Prezident seçilməsinə qarşı çıxan düşərgədə aktiv rol oynayıb. Bu gün AKİ-dəki bəzi qrupların onu dəstəkləməsinin əsas səbəbi də məhz budur”.
Rejissor ittifaqın hazırkı fəaliyyətini tənqid edərək, qurumun funksiyalarını aşdığını bildirib:
“Bu gün AKİ Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aid işləri həyata keçirir, sanki ‘dövlət içində dövlət’ yaradıblar. Təəssüf ki, ittifaqda anti-dövlətçi qruplar formalaşdırılıb. Regiondakı gərgin geosiyasi vəziyyət fonunda “Milyarderlər İttifaqı” ilə əlaqəli şəxslərin ictimai rəyə təsir edən bir quruma rəhbərlik etməsi yolverilməzdir. Sabah həmin şəxslərin dövlət maraqlarına qarşı çıxmayacağına kim qarantiya verə bilər?”
Rza Drakon mövcud vəziyyətdən çıxış yolu olaraq bir sıra radikal addımların atılmasını vacib sayıb: AKİ-nin ləğv edilərək, kinematoqrafiya sahəsində fərqli istiqamətlərdə yeni ictimai birliklərin yaradılması, İttifaqa ayrılan vəsaitlərin rəhbərlik strukturlarına deyil, birbaşa yeni filmlərin istehsalına yönəldilməsi, əgər ittifaq fəaliyyətini davam etdirəcəksə, sədr postuna dövlətçilik mövqeyi ilə seçilən Müşfiq Hətəmov və ya Orxan Fikrətoğlu kimi şəxslərin gətirilməsi daha düzgün addım olardı.
R.Drakon sonda sənət adamlarını və aidiyyəti qurumları ayıq olmağa çağırıb:
“Gec qalsaq, qarşısıalınmaz problemlər yaranacaq. İndi tədbir görülməli, anti-dövlətçi düşüncəli şəxslərin strateji qurumlarda yer almasının qarşısı alınmalıdır”.













