Məhkəmə Qərarlarına Nəzarət Baş İdarəsinin Xətai rayon İcra və Probasiya şöbəsinin sabiq əməkdaşı Cəlilov Fərid Arif oğlu özünü türk iş adamı kimi təqdim edən Necati Elemana tərəfindən şərləndiyini deyir.
Yenicag.az xəbər verir ki, AFN-ə danışan şikayətçi sayt vasitəsilə hüquq-mühafizə orqanları rəhbərlərinə və ölkə prezidentinə müraciət edir. Redaksiyaya video və yazılı müraciət göndərən sabiq icra məmurunun sözlərinə görə, bu şərlənmə nəticəsində işini də itirib, azadlığına da təhlükə yaranıb: “Cənab prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova üzümü tutub xahiş edirəm ki, mənə kömək etsinlər. Təxminən 2017-ci ilin aprel-may aylarında dostum Cəfərov Emin vasitəsilə Türkiyə vətəndaşı Necati Elemana ilə tanış olmuşam. Onunla bizim münasibətlərimiz bir müddət sadəcə tanışlıq olsa da, sonradan mən ona dost münasibəti bəsləmişəm. Daha bir müddətdən sonra isə biz demək olar ki, hər gün görüşür, bir yerdə vaxt keçirirdik. İştirak etdiyimiz məclislərin birində Necati Elemana mənim dostum Ceyhun Qəmbərovla tanış olub və onun maşın alveri ilə məşğul olduğunu öyrənib. Növbəti görüşlərdə isə Necati Elemana Ceyhun Qəmbərova birgə maşın alveri etməyi təklif edib. Ceyhun Qəmbərov ilk vaxtlar bu təklifə isti yanaşmasa da, sonradan onların bu iş birliyi baş tutub. Bu minvalla Ceyhun Qəmbərov öz əlində olan vəsaiti ortaya qoyub, Necati Elemana isə Türkiyədə olan hesabından ona vəsait göndərməyə başlayıb. Onlar birgə fəaliyyət dövründə təxminən 7-8 ədəd avtomobil alıb-satıblar. İlk əvvəllər avtomobillər Ceyhun Qəmbərov tərəfindən alınıb Necati Elemana tərəfindən isə internet vasitəsilə satılıb. Bəzi avtomobillərin satışından əldə olunan vəsaiti Necati Elemana özü müştərilərdən götürüb, digərlərini isə Ceyhun Qəmbərov vasitəsilə alıb. Bütün avtomobillər satılandan və Necati Elemana qoyduğu mayanı götürdükdən sonra Ceyhunun onun pulunu qaytarmadığını iddia edərək bu işdə heç bir iştirakım olmadığı halda mənim və Ceyhunun barəsində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət ünvanlayıb. Həmin şikayətlərdə Ceyhun Qəmbərov və mənim tərəfimdən guya hədələndiyini, uşağının oğurlanması ilə təhdid edərək ondan pul tələb edildiyini bildirib. Həmin idarəyə dəvət olunduqda məsələyə heç bir aidiyyatım olmadığını, Necati ilə bu mövzuda heç bir söhbətim olmadığını desəm də, nəzərə alınmadı. Necati ora çağırılarkən ondan pul alıb-almadığımı, bu işə qarışıb-qarışmadığımı soruşduqda o, belə bir şey olmadığını şifahi qaydada etiraf etdi. Daha sonra biz Necati ilə bir neçə dəfə görüşdük və mən artıq onun nə tipdə adam olduğunu görüb onunla söhbətlərimizi lentə aldım. Həmin səs yazıları məndə var və onları hazırda istintaq orqanına təqdim etmişəm. Sonra Ceyhun Qəmbərovla və mənimlə bağlı materiallar BMCQMİ-dən Baş Prokurorluğa göndərildi. Baş Prokurorluq isə öz növbəsində Ədliyyə Nazirliyinə göndərdi. Araşdırma nəticəsində mən haqsızlığa məruz qalaraq vəzifədən azad edilmişəm. Materiallar yenidən Baş Prokurorluğa, oradan isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilərək faktla bağlı cinayət işi qaldırılıb. Cinayət işi başlandıqdan sonra vəkilimlə idarədə olmuşam, baş verənlərin mənə heç bir aidiyyatı olmadığını dəfələrlə desəm də, Necatinin təzyiqi ilə üzləşən istintaq (o, Türkiyə Respublikasının prezidenti Ərdoğanla münasibətlərinin olduğunu deyir, məsələni ona deyəcəyi ilə hədələyir) mənə qarşı haqsızlıq edib. İstintaq obyektiv araşdırılmayıb. Bizim təqdim etdiyimiz səs yazıları, sübutlar, şahidlərin ifadəsi heç biri nəzərə alınmayıb. Necatinin şər-böhtanı ilə hazırda məni təqsirləndirilən şəxs qismində cəlb etmək istəyirlər.
Mən istintaqa Necatinin məndən əvvəl də başqa insanları şərləməsi ilə bağlı sənədlər təqdim etmişəm. Onun şər-böhtanı ilə daha bir neçə şəxs üzləşib. Həmin şəxsləri şərləyən Necati Elemana onları da tutdurmaq istəyib, lakin buna nail ola bilməyib, cinayət işinin başlanması rədd edilib. Həmin adamlardan Ziyadın, türk vətəndaşı olan Gürkanın, öz işlədiyi “Trump Tover”da Üzeyir adlı şəxsin adını çəkə bilərəm. Məndə olan məlumata görə, Azərbaycandan 1 milyon 700 min civarında pulu qara yollarla Türkiyəyə keçirib. Natiq, Ağakərim adlı şəxslərə də şər ataraq pullarını ələ keçirib. Bütün bu sübutlar istintaqda nəzərə alınmır və Necatinin təzyiqlərinə dözməyərək istintaq məni təqsirləndirilən şəxs kimi cəlb etmək istəyir”.
Şikayətçi bildirir ki, N.Elemana Türkiyə vətəndaşı olduğu halda öz ölkəsinə giriş-çıxış edə bilmir: “Mənim bildiyimə görə, onun Türkiyədə avtobusu var və İsmayıl adlı sürücüsü Suriyaya adam keçirib. Lakin o səfirliyə müraciət etməsi hədəsi ilə istintaqın obyektiv araşdırılmasına maneçilik törədir. Bu günə kimi mənim heç yerə müraciət etməməmin səbəbi istintaqa mane olmamaqdır. Lakin görürəm ki, istintaq heç də obyektiv aparılmır, heç bir günahım olmadığı halda təqsirləndirilən şəxs qismində cəlb olunmağa doğru gedirəm.
Cənab Ali Baş Komandan! Sizin bir əsgəriniz olaraq mənim sizdən xahişim bu məsələnin obyektiv araşdırılmasına göstəriş verməyinizdir. Mənim sizdən başqa müraciət edə biləcəyim bir yer qalmayıb. Mənim təqdim etdiyim sübutlara məhəl qoyulmur, açıq-aşkar şərə-böhtana məruz qalmışam, hazırda çox pis vəziyyətdəyəm. Sizin ədalətinizə güvənib üzümü sizə tuturam! Mən öz müraciətimi ümummilli liderimiz Heydər Əliyevin bir fikri ilə bitirmək istəyirəm: “Dövlət iki halda sarsıla bilər: günahkarlar cəzasız qaldıqda və günahsızlar cəza aldıqda. ”
F.Cəlilov redaksiyamıza göndərdiyi yazılı müraciətində bildirib ki, 2017-ci ildə Necati Elemana onları şərlədiyi kimi, Ziyad Quliyev və Emin adlı şəxslər barəsində də eyni ittihamla Səbayel Rayon Polis İdarəsinə şikayət edib. RPİ-nin verdiyi qərarla N.Elemananın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilib. Oxşar hadisə 2018-ci ildə də baş verib. Belə ki, N.Elemana yenidən Səbayel RPİ-yə müraciət edərək Ziyad Quliyev və Emin haqqında şikayətçi olub. RPİ bu dəfə də toplanmış materiallar üzrə cinayət işinin başlanması ilə bağlı rəddetmə qərarı verib: “Buna səbəb isə bizim işimizdə olduğu kimi, onda da N.Elemananın şər-böhtana əl atdığının faktlarla sübuta yetirilməsidir. Mraqlı burasıdır ki, həmin iş üzrə də N.Elemananın təqdim etdiyi şahidlər bizim işimizdə də “şahidlik” edirlər. Bu qədər təsadüf təbii ki, ola bilməz. Mən artıq düşünürəm ki, Necati planlı şəkildə mənimlə və mənim vasitəmlə Ceyhunla tanış olub, belə bir təklifi edib və plan quraraq bizi şərləməyə çalışır. Onun Azərbaycan Respublikasında heç bir rəsmi işi yoxdur, amma adını iş adamı qoyublar”.
Şikayətçi onu da qeyd edir ki, N.Elemana barəsində xuliqanlıq ittihamı ilə məhkəmə hökmü var: “2017-ci ildə onun borclu olduğu bir nəfəri yanında saxladığı idmançılara döydürüb. Nəticədə onun barəsində Səbayel Rayon Məhkəməsinin hökmü var.
Mən bir qədər söhbətimizin əvvəlinə qayıdaraq onu da qeyd edim ki, Necati Elemananın avtomobil satdığı adamlar hamısı onun öz yaxınları olub. Məsələn, “5+ avtosalon”da Bəxtiyar var, ona və Elmana 2018-ci il aprelin 24-də – bu hadisələr başlayanda – onun xeyrinə izahat verməsi üçün “İphone X” telefonu alıb verib. Bəxtiyar bizimlə səmimi söhbətində pulu Ceyhun Qənbərova yox, Necat Elemana verməsini etiraf edib. Lakin Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi ifadədə pulu Ceyhuna verdiyini deyib.
Dələduzluqla bağlı Necati haqqında polis bölmələrində xeyli sayda şikayətlər var. Çox maraqlıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Rəfael Süleymanov istintaq müddəti başa çatmamış Necatinin zərərçəkmiş şəxs qismində tanınması haqda qərarı ona təqdim edib. Bu isə adıçəkilən şəxsin istintaqa etdiyi təzyiqlər nəticəsində mümkün olubş. Yuxarıda da dediyim kimi, Necati Elemana müxtəlif üsullarla istintaqa, hüquq-mühafizə orqanlarına təzyiqlər edir, Türkiyə prezidentinin, Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiyə mediasının adından istifadə edir. Rafael Süleymov Necati ilə danışanda deyib ki, mənim onlara (yəni bizə) heç bir hörmətim yoxdur, marağım odur ki, onlara ən ağır maddə verək. Necatinin bizim əmlakımızın müsadirə edilməsi istəyinə də müstəntiq müsbət cavab verib. Deyib ki, iki əmlakları var, hamısını qeyd edib, müsadirə olunacaq. Onların bu danışıqlarını sübut edən faktlar var əlimdə. İstintaqın işdə qeyri-obyektivlik etdiyinin daha bir sübutu budur ki, Necati mənlə üzləşmədə dedi 13 min manat götürmüşəm, Ceyhunla üzləşmədə isə deyib ki, 15 min dollar bir götürmüşəm, 8 min manat bir, lakin bunların heç biri nəzərə alınmır istintaq tərəfindən”.
İş üzrə şahid qismində cəlb edilən Quliyev Asim Nizami oğlu Ədliyyə Nazirliyində F.Cəlilovun əleyhinə izahat verib. Sonradan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində səmimi etiraf edərək bildirib ki, N.Elemana ona izahat müqabilində 5 min manat pul boyun olub. İstintaqın gedişatında N.Elemana ilə A.Quliyevin bununla bağlı üzləşməsi də olub: “Məsələnin başqa bir maraqlı məqamı ondan ibarətdir ki, N.Elemana istintaqa izahatında bildirib ki, Ceyhunun atası kasıb taksi sürücüsüdür, ancaq Fəridin atası uzun illər Bakı şəhərində notarius işləyib, iki yerdə evləri var, ona görə pulunu Fəriddən istəyir. İstintaq bu izahatı əsas kimi götürür və məni təqsirləndirilən şəxs qismində tanımağa hazırlaşır. Mənə qarşı haqsızlıq var, haqsız yerə işimi itirmişəm, indi də azadlığım təhlükə altındadır və bu məni intihat həddinə çatdırıb”.
Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Qarşı tərəfi dinləməyə hazırıq.
www.yenicag.az