Gənc fəal prezident sərəncamı ilə bağlı açıqlama verdi
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası ilə bağlı Prezident İlham Əliyevin sərəncamı dövlətin gənclərə olan diqqət və qayğısının əyani göstəricisidir”.
Yenicag.az xeberim.az-a istinadən bildirir ki, bunu açıqlamasında gənc fəal Heydərli Məzahir deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının hazırki böhran vəziyyətində olduğu və neftin qiymətinin hər gün ucuzlaşdığı bir şəraitdə Prezident İlham Əliyev tərəfindən atılmış bu addım hərtərəfli alqışa layiqdir. Bununla da gənclərə verilən qiymət dövlət tərəfindən daha da artırıldı: “Dövlətin həyata keçirdiyi gənclər siyasəti bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də müasir Azərbaycanın dinamik tərəqqisi naminə gənclərin öz potensialının sərbəst, səmərəli şəkildə reallaşdırmasına yol açır.
Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşünə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür. Nəticə etibarilə gənclərin təhsili, sağlamlığı, intellektual inkişafı üçün ölkəmizdə hərtərəfli şərait yaradılır.Bütün gənclərimizi bu münasibətlə təbrik edir, cənab Prezidentə belə vacib sərəncama görə dərin təşəkkür edirəm” .