“Qonşum idi, əvvəlcədən izləyirdim”.
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mənzildən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, 26 yaşlı Daşkəsən rayon sakini Rüfət Nəcəfov, 24 yaşlı Goranboy rayon sakini Valeh Ramazanov, 29 yaşlı Göygöl rayon sakini Pərviz Məmmədov və 27 yaşlı Gəncə şəhər sakini Zəka Qoyuyev mənzilə daxil olaraq oradan 500 manat nağd pulu, 16700 manat dəyərində qızıl-zinət əşyalarını, 150 manat dəyərində bir ədəd mobil telefonu və 40 manat dəyərində DVD aparatını oğurlayıblar.
Onlar maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil veriliblər. Cinayəti Zəka Qoyuyev təşkil edib. O qarət olunan mənzil sahibin qonşusu olub: “Qonşum idi. Bir müddət izləyirdim və bilirdim ki, evdə pul və qızıl var. Planı cızdım imkan düşən kimi hazırlıq gördük və hadisəni törətdik. Tuttuğum əməldən peşmanam”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.yenicag.az