Generalın qardaşı ilə bağlı qərar açıqlandı

media-hightechnic-468x90

Azərbaycanın qida sektorunun tanınmış şirkətlərindən biri olan Delta Qrup C.O MMC rəhbərliyinin məhkəməsi başa çatıb.

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şirkətlə bağlı məhkəməyə təqdim olunan icraata xitam verilib. Buna səbəb isə əməldə inzibati xəta tərkibinin olmaması göstərilib.

Şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda – ölkədən külli miqdarda pul vəsaitini çıxarmaqda günahlandırılırdı.

Delta Qrup C.O rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham verilmişdi.

Bu maddəyə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimələnirlər.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir.

Delta Qrup C.O. MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. Delta Qrup C.O. MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da Delta Qrup C.O. MMC-dir.

Məhkəmənin sözügedən qərarı təbii ki, müəyyən suallar doğurur. Ölkədən pul vəsaiti çıxarılmayıbsa, adı çəkilən şirkətin heç bir məsuliyyəti yoxdursa, niyə məhkəməyə müraciət olunmuşdu və ümumiyyətlə, bu məsələ niyə məhkəmə predmetinə çevrilib? Təbii ki, şirkətin arxasında daha güclü isimlər dayanır və “həll yolu” tapılıb.

Qeyd edək ki, Delta Qrup C.O. MMC rəhbəri Məhəmməd Cahangirzadə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirovun qardaşıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600