Gərginlik PİK HƏDDƏ ÇIXIR: “ABŞ bilir ki, İran vurulsa, özü də...”

media-hightechnic-468x90

“Geniş müharibə olacaq. Çünki bu ABŞ-nin imperialist siyasətinin nəticəsidir”.

Bu fikri İranın ABŞ və İsrail tərəfindən vurulma ehtimalı və İranın ata biləcəyi addımları Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə səsləndirib.

O, bildirib ki, İranla ABŞ arasında toqquşma qaçılmaz görsənir:

“Ciddi ehtimal var ki, ABŞ və İsrail İrana hücum etsin. Tarixi proses gedirdi. ABŞ imperialist dövləti ərəb dövlətlərini itaətdə saxlamaq üçün İsrail adlı bir dövlətcik yaratdılar. Onu silahlandırdılar, gücləndirdilər, nüvə silahı verdilər, aviasiya, dəniz donanması yaratdılar. Bunun hamısı ona görə edilirdi ki, ərəb ölkələri itaətdə saxlanılsın. Siyasi cəhalət içərisində yaşayan ərəb cəmiyyətlərinə satqın, öz mənfəətlərini düşünən insanları rəhbər qoydular. Ərəb prezidentləri, kralları, əmrləri məhz belə adamlardır. Öz xalqlarına, ali dəyərlərə hörmət etmirlər. ABŞ bütün Yaxın Şərqi itaətdə saxlayan İsrail dövləti yaradıb. İsrail bölgənin jandarmıdır”.

Z. Əlizadənin sözlərinə görə, 1970-ci ilə qədər ərəb millətçiləri İsrail dövlətinə qarşı müqavimət göstərirdilər:

“Bütün ərəb dövlətlərində millətçilər hakimiyyətdə idi. 1970-ci ildə Camal Əbdül Nasir öldürüldükdən sonra Qərb yavaş-yavaş öz missiyalarını həyata keçirməyə başladılar. Bu isə İsrailə müqavimət göstərən ərəb rejimlərini bir-bir aradan çıxaran sistem idi. Əvvəl onlar Misirə müdaxilə etdilər və Misir Fələstinin müdafiəsindən geri çəkildilər. Sonra Tunis, Liviya, Sudan, Liviya, İraq və Suriyanın hakim rejimlərini devirdilər. Demirəm, onlar yaxşı hakimiyyət idi, sadəcə olaraq onlar İsraili qəbul etmirdilər. Bu dövlətlər parçalanandan sonra İsrailin qarşısında müqavimət göstərəcək heç bir dövlət almadı”.

Həmsöhbətimiz hesab edir ki, Fələstin ərəbləri tək qaldılar və bu gün onları İslam dünyasında müdafiə edən Türkiyədir:

“Ancaq Türkiyə də NATO buxovu ilə bağlanıb. Digəri isə İrandır. NATO üzvü olan Türkiyə heç vaxt İsrailə qarşı hərbi əməliyyatlara getməz. Ancaq İran bunu edir. Fələstin xalqının yeganə ümid yeri, istinadgahı İrandır. Buna görə də İran rejimini dağıtmaq lazımdır. İsrail ABŞ-ni təhrik edir ki, İranı vuraq. İsrail tək İranı vurmağa qorxur, ancaq ABŞ ilə birləşsə, bunu edə bilər. 30-35 ildir İsrailin bu təhriki ABŞ tərəfindən qəbul edilmirdi. ABŞ bilir ki, İran vurulsa, özü də böyük itkilərə məruz qalacaq. İş elə gətirdi ki, ABŞ-nin başına sərsəm Donald Tramp gəldi”.

“Bundan əlavə Tramp sionistlərin güclü təsiri altındadır. İndi fürsət yaranıb ki, İranı vursunlar. İran da təklənib. İranın tərəfdarlarını bir-birinin ardınca darmadağın etdilər. Belə olan halda, müharibə ehtimalı güclənib. Tramp İrana qarşı 12 şərt irəli sürüb və İran bunların heç birini qəbul etməz. Buna “Casus belli” (müharibə üçün bəhanə – red.) deyirlər”, – deyə o, əlavə edib.

Müharibə olacağı təqdirdə baş verəcəklərə gəldikdə isə politoloq bunları deyib:

“İran ordusunu yüksək hərbi hazırlıq səviyyəsinə çatdırıb. İran da açıq şəkildə deyir ki, hücum olsa, o da vuracaq. ABŞ 18 ədəd B-52 bombardmançı təyyarəsindən 6-nı Dioqo Qarsiya adasındakı hərbi hava bazasına gətirib. Bu bombardmançı təyyarələr çox ağır bombaları daşıya bilirlər. İranın radarları var və onlar Hind okeanındakı səmanı izləyirlər. O təyyarələr qalxanda Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, İraq və Suriya ABŞ hərbi bazaları var ki, o bazalara zərbələr endirəcək. Üstəlik, Tehran İsrail ərazisinə zərbələr endirəcək”.

“Bundan başqa, İran sahilləri yaxınlığında yerləşən ABŞ-nin dəniz donanmasının gəmilərinə də hücum edəcək. Əgər əvvəllər İran İsrailə görüntü səcləsi daşıyan zərbələr endirirdisə, bu dəfə onlar İsrailin şəhərlərini vuracaqlar. İranın əli çatan ABŞ hərbi bazaları var və orada minlərlə ABŞ hərbçisi xidmət edir. Onları da vuracaq. Nəhayət, İran Fars körfəzini bağlayacaq. Bir neçə gəmini Hörmüz boğazında batırsa, neft daşıyan iri gəmilər hərəkət edə bilməsin. Hörmüz boğazı dərin deyil. Oradan neft daşınması dayansa, dünyadakı neft qiymətləri qalxacaq 150, 200, 250 dollara. Bu da ABŞ-nin iqtisadi maraqlarına ciddi zərbə olacaq. İran əlindən gələni edəcək. Geniş müharibə olacaq. Çünki bu ABŞ-nin imperialist siyasətinin nəticəsidir”, – Z. Əlizadə fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600