“Ermənistanda qısa zamanda hakimiyyət dəyişsə, Azərbaycanla Ermənistan arasında müharibə ola bilər”.
Bu sözləri Qarabağda və Ermənistan-Azərbaycan şərti sərhədində baş verən gərginliyi şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Azərbaycan qısa zamanda Xankəndİdə bayrağını dalğalandırmalıdır:
“Regionda bir neçə dövlət və bir neçə maraqlar var. Təkcə dövlətlərin çox olması şərt deyil, həm də maraqların bir-birinə uyğun gəlməməsi var. ABŞ Ermənistan və Azərbaycanı sülh danışıqlarına dəvət edir. Digər tərəfdən ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi vəzifələrini icra edən Yuri Kim deyir ki, Ermənistanın Rusiyadan qopmasına çalışırlar və Ermənistanla hərbi təlimlərin sayının artıqmaq niyyətindədirlər.
Ermənistan çalışır ki, Rusiyanın buxovundan azad olsun. Ümumiyyətlə, regionda heç bir ölkə sülh müqaviləsinin bağlanmasını istəmir. Hamısı öz maraqlarının həyata keçməsini istəyir.
Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq istəyir, ancaq Xankəndidə Azərbaycan bayrağı dalğalanandan sonra.
Ermənistanla Azərbaycan arasında müharibə Ermənistandakı hakimiyyətin gedib-getməməsindən asılıdır. Orada hakimiyyət dəyişikliyi olsa, müharibə qaçınılmaz olacaq”.
Səxavət Məmməd
www.yenicag.az