Gətirilən avtobuslar xidmətə hazırdır
«BakuBus» 68 milyon dollarlıq 150 ədəd Fransa istehsalı olan «İveco» avtobusu alıb
Gələn il paytaxtda keçiriləcək «Bakı-2015» I Avropa Oyunları ilə əlaqədar 50 yeni avtobusun gətirilməsi barədə məlumat vermişdik. Artıq bir hissəsi Bakıya gətirilmiş bu nəqliyyat vasitələri Türkiyədə istehsal olunan «İsuzu» markalı avtobuslardır. Üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub. «İsuzu»ların Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək.
Bu avtobuslar bir neçə xüsusiyyətə malikdir. Onlardan birincisi budur ki, sözügedən nəqliyyat vasitələri «Avro-5» standartlarına cavab verirlər. Bundan başqa, avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir. Bununla yanaşı, avtobusun daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur. Avtobuslar kondisioner sistemi, habelə uşaqlar, yaşlı şəxslər, fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə ayrılıb. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa minib düşməsini rahat etmək üçün xüsusi panduslar da quraşdırılıb. Bu avtobusların tutumu “24+1”-dir. “Bu nəqliyyat vasitələrinin qapısı bağlanmadan avtobus yerindən tərpənmir. Bu da sərnişinlərin təhlükəsizliyini təmin edir. Avtobusun xüsusi qara qutusu da mövcuddur.
Artıq yeni avtobuslar dekabrın bu gündən sərnişinlərə xidmət göstərəcək. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov jurnalistlərə bildirib ki, hələlik avtobuslar 9-cu mikrorayondan «Azneft» meydanı istiqamətindəki 65 nömrəli marşrut xətti üzrə hərəkət edəcəklər. Onun dediyinə görə, Bakıya bu cür texniki vasitələr ilk dəfədir gətirilir: «Bu ictimai nəqliyyat vasitələrində sərnişinlərin həm rahatlığını, həm də təhlükəsizliyini nəzərə alınıb. Belə ki, avtobuslarda kondisioner, kamera, kompyuter sistemi quraşdırılıb. Sərnişinlər bu sistem sayəsində qarşıdakı avtobusların marşrutunu da əvvəlcədən öyrənə biləcəklər. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa mindirilib-düşürülməsini rahat etmək üçün xüsusi panduslar quraşdırılıb. Avtobusdan uşaqlar, ahıllar, fiziki imkanları məhdud şəxslər, habelə ev heyvanları üçün xüsusi hissə var. Xüsusi şüşələr sərnişinləri günəş şüalarından qoruma qabiliyyətinə malikdir».
Xatırladaq ki, hələ bu ilin aprel ayında Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus «BakuBus» MMC-nin yaradılması haqqında qərar verib. Həmin qərara əsasən, «BakuBus»un nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və adıçəkilən cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Bu MMC-yə 30 milyon manat məbləğində vəsait ayrılıb. Paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış «Baku Bus» gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq.
Şirkətin yaydığı məlumata görə, bu quruma məxsus 150 avtobus Fransa istehsalı olan «İveco» markalı iritutumlu nəqliyyat vasitələridir. Onlar Azərbaycan büdcəsinə 68 milyon dollarına başa gəlib. Bununla əlaqədar olaraq şirkət avtobus sürücülərinin işə qəbuluna başlayıb. Təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır. Namizədlər 30-55 yaşında olmaları, azı 5 il avtobus sürücüsü kimi iş təcrübəsi, “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. “Baku Bus”da çalışan avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. Çünki avtobuslarda ödəniş kart sistemi ilə, validatorların köməyi ilə həyata keçiriləcək. “Baku Bus”da sürücülərin iş rejimi daha rahat olacaq. Sürücülər “4 gün iş, 1 gün istirahət” sxemi ilə çalışacaqlar. 4 iş günündən 2-də iş vaxtı səhər saat 6-dan günortadan 15-dək, digər 2 gün ərzində isə saat 15-dən 24-dək olacaq. Avtobuslar sıxılmış maye qaz ilə işləyir və Avro 6 standartına uyğundur. Onlar GPS sistemi ilə təchiz olunur. “Baku Bus”ın sürücüləri işə başlamazdan əvvəl onlara fransız mütəxəssislər təlim keçiləcək.
(hafta.az)