!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günel İbrahim: "Artıq 10 kəndimizdə içməli su üzrə layihəmiz uğurla tamamlandı" - FOTO

!Reklam – Yazi

Etika Akademiyasının rəhbəri, hüquqşünas və Britaniya təhsilli HR Günel İbrahim regionlarda həyata keçirdiyi içməli su layihələrilə bağlı Yenicag.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Necə oldu ki, regionlarda içməli su layihələrini reallaşdırmağa başladınız?

– Ünsiyyət qurmaq bacarığı, fikirləri doğru ifadə edə bilmək danışıqların özəyidir. Etika Akademiyasının rəhbəri kimi bir çox iaşə obyektlərinə, insan resurslarına təlimlər veririk. Bir çox şirkətlər öz korporativ məsuliyyətlərinə xüsusi fikir verirlər. Onlarla apardığımız danışıqlar sayəsində, təhsilə, aztəminatlı ailələrə, internat məktəblərinə və su problemləri olan regionlara dəstək durmağa çalışırıq.

– Niyə məhz içməli su problemlərinə aid layihələr?

– Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır. Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə görə, respublikamız Cənubi Qafqazın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda 8300-dən artıq irili-xırdalı çay var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlərin görülməsinə başlanılıb. Bu məqsədlə ölkə Prezidentinin tapşırığı ilə “İçməli su” Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun 50-yə yaxın inzibati ərazi tədqiq olunub. Rayonlarda – Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilib. Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq.

Artıq bir çox özəl şirkətlər, qurumlar öz KSM–ni məhz su layihələrinə xərcləyirlər. Qeyri-Hökumət Təşkilatları bu layihələrin icrasında önəmli rol oynayırlar.

– Rəhbərliyini etdiyiniz içməli su təminatı üzrə layihələr bir şirkət tərəfindən maliyyələşir, ya bir neçə?

– Sırf su üzrə layihəmizin 80% maliyyə dəstəyini JTİ (Japon Tabacco İnternational) şirkətindən alırıq. Digər hissəsini öz təşkilatımızın büdcəsi hesabına həyata keçiririk. Mən Etika Akademiyasından əlavə Milli QHT Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilatımız çərçivəsində layihəni icra edirik.

Son 4 ildir İsveçrədə yerləşən, Bakıda da nümayəndəliyi olan JTİ ilə partnyorluq edirik. 2014-2018-ci illər ərzində 10 rayonda layihə icra etmişik. Layihələrimiz 50 000-dən artıq əhalini əhatə edib.

– Günel xanım, 10 rayon dediniz. Layihə hansı rayonlarda icra edilib?

– Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi, Tovuz və Samux rayonlarıdır. Bu il daha 3 kənd nəzərdə tutulub.

İlk rayonumuz Kürdəmir rayonunun Qarasaqqal kəndi idi. O kənddə su kanalının təmizlənməsi ilə içməli su əldə edə bildik. Çox çirkli olduğuna görə bizdən öncə də cəhd edənlərin qurğuları qırılırdı. Lakin son müasir ionlaşdırma texnologiyasından istifadə edərək davamlı içməli su mənbəyi əldə edə bildik. Bu layihə Amerika Ticarət Palatası tərəfindən birincilik əldə etdi. Digər xüsusi yadda qalan və həssaslıqla yanaşdığımız Ağdam rayonunun Dörd yol kəndi idi.

– Bir layihəni neçə müddətə icra edirsiz? Xanım olduğunuzu da nəzərə alaraq, tikinti, qazıntı işlərini idarə etmək çətin gəlmir?

– Bir layihə təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır, əgər bu subartezian quyusudursa, təxminən 85-95 metr dərinlikdən su əldə edilir. Nasosnan üzə çıxarılır. Tonlarla çən quraşdırılır. Əgər su təmizlənməlidirsə, xüsusi qurğular qurulur və tam içməli su əldə edilir.

O ki qaldı işlərin çətin gəlməsinə, xeyr, artıq çətin gəlmir. İlk layihələrimdə daha çox həyəcanlı idim. Artıq 10 kənddə layihənin idarəsi və icrası təcrübə qazandırıb. Mütəxəssislərdən ibarət komandamız var. Bu, geoloqlar, tikinti üzrə peşəkarlar və su üzrə ekpertlərdir.

– Günel xanım, işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Sonda demək istədiyiniz bir fikir varmı?

– Diqqətinizə görə mən təşəkkür edirəm. Regionlarımızın sosial-iqtisadi inkişafı və rifahı üçün ölkə başçısı cənab İlham Əliyev daim sərəncamlar verir, maliyyə ayırır, diqqət yetirir. Biz də öz vəzifə borclarımızdan kənar sosial məsuliyyətimizi tam dərk etsək və töhfəmizi versək, buna daha sürətlə nail olacağıq.

COP29

www.yenicag.az

4306
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv