Günel Xəzəl “Yeni Çağ”a ağciyər terrorundan yazdı – Özəl
Yerli telekanalların birində, axşam xəbərlərində bir süjet diqqətimi çəkdi. Əslində diqqətimi yox, bütün ruhumu, beynimi işğal elədi. Bir yandan çox sevindim, o biri yandan xeyli mütəəssir oldum.
Hövsələsiz XXI əsr oxucusu, səni uzun uzadı girişdən azad edib, dəyərli vaxtını birbaşa mətləblə mükafatlandırıram.
Məni kədərləndirən, yaşıllığın az qala nadir eksponat olduğu şəhərimizdə daha dörd ağac kəsilib, yerinə daş bina tikilməsi oldu. Özü də Ekologiya və Təbii sərvətlər nazirliyindən ( süjetin yalançısıyam) bixəbər. Deyilənə görə, ağacqədribilməzlər 120 000 azn cərimə də olunub. Amma bu həmin ağacları geri qaytarmır. Yaxşı olardı ki, cərimə ilə bərabər daştikənlərə 104 ağac əkmək cəzası da verilərdi.
Xəbərə sevindim ona görə ki, bu, ağciyərimizin qatillərini ifşa edib, lazımi orqanlara müraciət edən məhlə camaatı olub. Orta yaşlı qadınların, yaşlı kişilərin dörd ağaca görə hirsini, qəzəbini seyr etmək inanılmaz qürurverici hiss idi. Son on il ərzində xarici kanallarda adamların bir ağaca görə etdiyi mübarizələr, təbiəti qoruyan təşkilatların aksiyaları camaatımıza gülməli gələrdi.
Hərçənd 80-ci illərin sonlarında Topxana meşələrinin erməni quldurları tərəfindən vəhşicəsinə məhv etməsinə etiraz olaraq, minlərlə azərbaycanlı meydanlara çıxdı…və müharibə başladı.
Yadıma illər öncə təsadüfən eşitdiyim iki qonşu xanımın söhbəti düşdü: – Axşam tilvizırda ağaca görə bir-birini qıran o kəmağıllıra baxdun?
-Hə, ağəz, bu adamların krışası qaçıb e, adam da ağaca görə bir-biirni öldürər? Prosta smeşno.
Mən Bakının Keşlə qəsəbəsində böyümüşəm. Ordan yolu keçənlər bilir ki, bizim qəsəbədə həyəti balaca da olsa, dörd, beş ağaclı bağı olmayan ailə yoxdur. Bu xalalara o vaxtkı gənclik enerjimlə çönüb, indi gedib bağınızdakı ağacları baltalayacam, görüm siz mənimlə ağaca görə dalaşacaqsınız, ya yox, – deyib getmişdim. Sonra məhəlləmizdə xeyli bu gündəmdə olan dialoqda məni dəstəkləyənlər də olmuşdu, “bu uşağın hikkəsinə, özündən böyüklə danışmasına bir baxın,” – deyib qınayanlar da. İndi o xalaların canfəşanlıqla ağacları qorumasının mənə nə qədər böyük qələbə hissi yaşatdığını yəqin anlayarsınız.
Xalqımın artıq ağacı bəzək aksesuarı, meyvə mənbəyi deyil, həm də oksigen mənbəyi, yay aylarında qızıldan dəyərli kölgə, canlı varlıq olduğunu dərk etməsi fenomenal irəliləyişdir. Bunu zamanında bir kola, ağaca görə mübarizə aparanlara borcluyuq.
Yaxın keçmişdə Gəzi parkına görə qardaş Türkiyədə baş verən ixtişaşlar hələ də xatirimizdədir. Hər nə qədər bu hadisələrin süni yaradılmış siyasi gediş olduğu iddia edilsə də, minlərlə qara camaat ağac sevgisinə toplanmışdı – bu dəqiqdir. İnsan izdihamı ağaca görə ölməyi belə gözə almışdı. Çünki onlara körpəlikdən təbiətin ANA, NƏFƏS olduğu iki şablon şeirdə, üç quru mətndə öyrədilmir.
Mən inanıram ki, bir vaxt sadəcə kölgəsində dincələn məhəllə sakini yox, bina tikdirən iş adamı da ağacın həyat, nəfəs olduğunu başa düşəcək. İnanıram ki, iş adamları layihələrində kəsilməli olan hər ağacın yerinə beş ağac əkməyi qarşısına məqsəd qoyacaq. Bu sadəcə orta yaşlı bir ziyalının sadəlövh inancı deyil. Bu illərlə avtobusda qabaq qapıdan düşüb, orta və arxa qapılardan minmə mədəniyyətinin formalaşmasını, metrodan düşənlərə yol vermək üçün sərnişinlərin kənarda sırasını gözləmə qaydasını, növbələrdə üç deyil, bir sıra yaradaraq səbr və intervalla sırasını gözləyənləri sevinclə izləyən vətəndaşın müşahidəsidir.
Mədəni inkişafımızla qürur duyuram. Əminəm ki, bir zamanlar mədəniyyəti şərqdən öyrənib inkişaf etdirən Avropa, yenə üstün zəka və mədəniyyət sahibi bizdən nümunə götürəcək. Bəlkə də, bu utopiya, xəyal oldu. Amma hansısa dahi demişkən, əgər arzularınızı dilə gətirəndə, ətrafda sizə lağ edib gülən yoxdursa, deməli, istədikləriniz sadəcə xırda məişət zəminli məqsədlərdir. Deyəsən, dahinin sözünü bir az təhrif elədim, olsun…
Sonda… Hər bir ağac yarpaqları ilə birlikdə, bir gün içində təqribən 7 ton suyun yaranmasına səbəb olur.